Ukraynanın Truskavets şəhərində Azərbaycanın dünya şöhrətli musiqiçisi Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş IV Beynəlxalq vokal mahnı müsabiqəsi keçirilib. Ukraynadakı səfirliyimiz, Diasporla İş üzrə Dövlət Komitəsi, “SOCAR Energy Ukrayna” şirkəti, Truskavets şəhər Meriyası və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə təşkilatçılığı ilə reallaşan müsabiqənin qalibləri müəyyənləşib.

Truskavets şəhərində dekabrın 2-dən başlanan müsabiqəyə müxtəlif ölkələrdən 14 gənc vokalçı qatılıb.

Müsabiqənin final mərhələsindən öncə mətbuat konfransı keçirilib. Mətbuat konfransında Müslüm Maqomayev adına AMM-in rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov, şəhər meri Andrey Kulçinski, Azərbaycanın Ukraynadakı Səfirliyininin  üçüncü katibi Təranə Sadıqova çıxış ediblər. Çıxışçılar dahi müğənninin xatirəsinə ithaf olunan müsabiqənin gənc istedadların üzə çıxmasında rolunu vurğulayıblar.

Sonra finalçıların ifaları dinlənilib. Səsi ilə münsiflər heyətini heyran edən azərbaycanlı gənc Urfan Cəfərov və ukraynalı gənc Darya Nazimçuk qalib elan edilib. İkinci yerə ukraynalılar Vladimir Morozov, Pavlenko Solomiya, üçüncü yerə Qazaxıstandan Yermak Berimjanov və Çindən Lyu Kuo layiq görülüblər.

Müsabiqəyə qatılanları təbrik edən Truskavets şəhərinin meri Andrey Kulçinski bildirib ki, Müslüm Maqomayev dünyanın mədəniyyət elçisidir. O, tək Azərbaycanda deyil, bütün dünyada sevilən sənətkardır. “Şəhərimiz ildə bir dəfə Müslüm Maqomayevin xatirəsini gənc istedadların üzə çıxması ilə yad edir və bu ənənəni davam etdirəcəyik”, - deyə o əlavə edib.

Azərbaycan səfirliyinin üçüncü katibi Təranə Sadıqova, Müslüm Maqomayev adına AMM-in rəhbəri Qurban Abbasov və digər çıxış edənlər də qaliblərə təbriklərini çatdırıblar.

Sonra 1-ci, 2-ci və 3-cü yeri qazanan gənc istedadlara diplom və pul mükafatları təqdim edilib. Mərasim qaliblərin konsert proqramı ilə yekunlaşıb.