Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə 1–8 tarixində görkəmli bəstəkar, Xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş musiqi festivalı keçirilir.
Dekabrın 1-də festival çərçivəsində Azərbaycan Milli Kitabxanasında Tofiq Bakıxanovun nəşr olunmuş əsərlərindən ibarət sərgi açılıb.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov sənətkarın zəngin yaradıcılığı haqqında danışıb. Bildirib ki, Tofiq Bakıxanov əsərləri ilə Azərbaycan musiqisinə, incəsənətinə incilər bəxş edib. Onun “Nəva”, “Humayun”, “Rahab”, “Şahnaz”, “Dügah” simfonik muğamları, digər əsərləri musiqi mədəniyyətimizdə məxsusi yer tutur.
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova deyib: “Bəstəkarlar İttifaqı olaraq biz fəxr edirik ki, belə bəstəkarlarımız var. Tofiq Bakıxanov operadan başqa bütün janrlarda əsərlər yaradıb”. Z.Qafarova görkəmli bəstəkarın yaradıcılığı haqqında yazılan ilk kitabın müəllifi olduğunu da iştirakçıların nəzərinə çatdırıb.
ABİ-nin məsul katibi, professor Cəmilə Həsənova bildirib ki, Tofiq Bakıxanov ulu babası Abbasqulu ağa Bakıxanovun yaradıcılığına da müraciət edərək romanslar bəstələyib.
Sonda bəstəkar yaradıcılıq yolundan bəhs edib və tədbirin təşkilinə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Milli Kitabxananın əməkdaşları tərəfindən “Görkəmli bəstəkar Tofiq Bakıxanov” adlı virtual sərgi də hazırlanıb: http://anl.az/el/vsb/Gorkemli_bestekar_Tofiq_Bakixanov/index.htm
***
Dekabrın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Tofiq Bakıxanovun 90 illik yubileyi münasibətilə bəstəkarın “Xəzər balladası” və “Xeyir və Şər” birpərdəli baletləri təqdim olunub.
Əvvəlcə ABİ-nin katibi, professor Zemfira Qafarova bəstəkarın yaradıcılıq yolu haqqında danışıb. Bildirib ki, bəstəkar 8 simfoniya, 5 simfonik muğam, 6 simfonik poema, müxtəlif musiqi alətləri üçün 25 konsert, 26 sonata, 3 birpərdəli balet, bəstəkar Nəriman Məmmədovla birlikdə qələmə aldığı 3 operetta, 100-dən artıq mahnının müəllifidir. O, ilk dəfə birpərdəli “Xəzər” balladasını bəstələyib.
Sonra “Xəzər balladası” və “Xeyir və Şər” baletləri nümayiş olunub. Tamaşaçılar yubilyarı və ifaçıları gurultulu alqışlarla yola salıblar.
***
Dekabrın 6-da Kamera və Orqan Musiqisi Zalında Tofiq Bakıxanovun kamera əsərlərindən ibarət konsert keçirilib.
Konsertdə Azərbaycan Dövlət Fortepiano Triosu və Azərbaycan Dövlət Simli Kvarteti çıxış edib. Xalq artistləri Uran Seyidov, Soltan Məmmədova (violin), Əməkdar artistlər Töhfə Babayeva (violin), Səbinə İbrahimova (violonçel), Vaxtanq İmanov (viola), Aleksey Miltıx (violonçel), beynəlxalq müsabiqələr laureatı Fəridə Əhmədbəyova (piano) və başqalarının ifasında bəstəkarın əsərləri səslənib.