Xəbər verdiyimiz kimi, Ukraynanın Truskavets şəhərində əfsanəvi müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş IV Beynəlxalq vokalçılar müsabiqəsində azərbaycanlı gənc ifaçı Urfan Cəfərov və ukraynalı vokalçı Darya Nazimçuk  1-ci yerə layiq görülüblər.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildiriblər ki, ölkəmizin bu müsabiqədə təmsilçiliyi idarə rəhbərliyinin 15-21 iyun tarixində Ukraynaya səfəri zamanı razılaşdırılıb. Razılaşmaya əsasən, ölkəmiz bu il həm iştirakçılar sırasında, həm də ilk dəfə münsiflər heyətində (Xalq artisti, professor Gülnaz İsmayılova) təmsil olunub.

Məlumatda qeyd olunur ki, müxtəlif ölkələrdən 18 ifaçının qatıldığı müsabiqənin finalında qalib olan Urfan Cəfərov laureat diplomu ilə yanaşı, Nyu-Yorkun (ABŞ) nüfuzlu “Karnegi-Holl”da solo konsert keçirmək hüququ verən sertifikatla da mükafatlandırılıb.

Urfan Cəfərov müsabiqədə konsertmeyster, pianoçu, Əməkdar artist Nigar Məlikovanın müşayiəti ilə çıxış edib. Nigar Məlikova da diplomla təltif olunub. Qeyd edək ki, Urfan Cəfərov Xalq artisti, professor Xuraman Qasımovanın yetirməsi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur.

Baş idarənin təşkil etdiyi tədbirlərdə dəfələrlə çıxış edən vokalçı səsi və səhnə mədəniyyəti ilə tamaşaçıların rəğbətini qazanıb.