Azərbaycanda turizm bələdçilərinin sertifikasiyası prosesinə başlanılıb. Dekabrın 7-də Milli Akkreditasiya Mərkəzi tərəfindən Azərbaycan Turizm Bürosuna (ATB) bələdçilərin sertifikatlaşdırılması hüququnu verən akkreditasiya attestatının təqdimolunma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib: “Bələdçilik vacib bir peşədir. Bələdçilik turizmin inkişaf zəncirində ən əsas amillərdən biridir. Ölkənin tarixi mədəniyyəti haqqında ilkin təəssüratı yaradan məhz bələdçilərdir. Bu vaxta qədər Dövlət Turizm Agentliyinin dəstəyi ilə beynəlxalq təşkilatlarla tərəfdaşlıq çərçivəsində turizm bələdçilərinin hazırlanması üçün təlimlər təşkil edilib. Turizm bələdçilərinin peşə statusunun təkmilləşdirilməsi işini aparmaq üçün Azərbaycan Turizm Bürosu tərəfindən turizm bələdçilərinin sertifikatlaşdırılmasına başlanılıb”.
Qeyd edilib ki, Azərbaycan Milli Akkreditasiya Mərkəzi tərəfindən ilk dəfə olaraq turizm bələdçilərinin sertifikatlaşdırma orqanına bu sahədə fəaliyyət göstərməsi üçün akkreditasiya sənədi verilir. Sertifikasiya prosesi zamanı keçirilən təlimlər bu peşənin nəzəri və praktik tərəfini əhatə edəcək.
Turizm haqqında yeni qanun layihəsinin hazırlanaraq Milli Məclisə təqdim olunduğunu söyləyən Fuad Nağıyev layihədə turizm bələdçilərinin sertifikatlaşmasının da əks olunduğunu bildirib. Eyni zamanda yeni qanuna əsasən yaradılacaq turizm reyestrində bələdçilərin də reyestri aparılacaq.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru, Turizm Bələdçilərinin Sertifikatlaşdırılması Orqanının (TBSO) sədri Florian Zenqstşmid bildirib ki, respublika üzrə təlim və sertifikasiya prosesi beynəlxalq standartlar əsasında, milli akkreditasiya sisteminə uyğun formada təşkil olunacaq.
Azərbaycan Akkreditasiya Mərkəzi Baş direktorunun müavini Emin Zeynalov Azərbaycanda bələdçilik sahəsi üzrə belə bir təşəbbüsü turizm sahəsinin inkişafı istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirib.
Emin Zeynalov Milli Akkreditasiya Mərkəzi tərəfindən hazırlanan sənədi TBSO sədri Florian Zenqstşmidə təqdim edib.