Dekabrın 7-də Abdulla Şaiqin Mənzil-Muzeyində Abdulla Şaiqin “Tıq-tıq xanım” əsərinin dağ yəhudilərinin (cuuri) dilində nəşrinin (“Tiq-tiq xonum”) təqdimatı keçirildi. Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, görkəmli ədib, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Əməkdar incəsənət xadimi Abdulla Şaiqin (1881-1959) 140 illik yubileyinə həsr olunmuş əsərin tərcüməçisi İsrail Yazıçılar Birliyinin üzvü Şuşanna Abramovadır.
Təqdimatda qonaqları salamlayan muzeyin direktoru Ülkər Talıbzadə qeyd etdi ki, ədibin anadan olmasının 140 illiyi ilə əlaqədar ölkəmizdə bir sıra tədbirlər keçirilir və İsraildə nəşr olunan “Tiq-tiq xonum” kitabının təqdimatı bu silsilədəndir: “Biz bu təşəbbüsün həyata keçirilməsinə sevindik, Abdulla Şaiqin əsərinin tərcüməsi həm onun nəslinə, həm də yaradıcılıq irsinin pərəstişkarlarına böyük hədiyyə oldu. Hamımız bilirik ki, kitab ən gözəl hədiyyədir. Gələcək nəsillərə ötürülür, dünyanı öyrənməyimizə kömək edir”.
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası İdarə heyətinin üzvü, Azərbaycan-İsrail Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman assosiasiyasının fəaliyyətindən danışdı. Diqqətə çatdırdı ki, əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycan mədəniyyətinin İsraildə və yəhudi mədəniyyətinin Azərbaycanda qarşılıqlı təbliğidir.
“Azİz”-in icraçı direktoru Şaul Siman Tov kitabın nəşrində əməyi olan hər kəsə minnətdarlığını bildirdi: “Biz şadıq ki, Abdulla Şaiqin yaradıcılıq irsinin qorunub saxlanılmasına və təbliğinə öz töhfəmizi verə bildik. Bundan əlavə, kitab dağ yəhudilərinin cuuri dilində nəşr olunub və “Qırmızı kitab”da ölü dillər siyahısına daxil olan bu dilin qorunub saxlanılmasına öz töhfəsini verəcək”.
İcraçı direktor İsrail və Azərbaycanın dost ölkə olaraq həm siyasi, həm də mədəni sahədə əməkdaşlığından məmnunluğunu ifadə etdi. Dedi ki, mədəni sahədə çoxsaylı layihələri bundan sonra da davam edəcək.
“Tıq-tıq xanım” cizgi filminin məşhur mahnısının ifaçısı, Xalq artisti Flora Kərimova nəşri yüksək qiymətləndirərək səsləndirdiyi ifanın tarixçəsi ilə bağlı xatirələrini bölüşdü.
Mədəniyyət Nazirliyi Muzeylər və daşınan mədəni irs sektorunun müdiri Altun Mikayıllı nəşri iki xalqın bir-birinə yaxınlaşması baxımından mühüm addım kimi dəyərləndirdi. O, Abdulla Şaiqin Azərbaycan uşaq ədəbiyyatındakı rolundan söz açaraq bildirdi ki, onun irsi bütün dövrlər üçün aktual olaraq qalacaq: “Böyük ədibi yad etməklə onun Azərbaycan ədəbiyyatının inkişafındakı əməyinin müqabilində bir daha böyük hörmət və ehtiramımızı bildirmiş oluruq. Abdulla Şaiq Azərbaycanda gənc nəslin bədii-estetik zövqünün formalaşmasında xidmətləri olan şəxsiyyətdir. O, gələcəyi aydın görən bir insan olduğu üçün bu gün də onun yazdıqları aktuallığını qoruyub saxlaya bilib”.
İsrailin Azərbaycandakı Səfirliyi nəzdində “Nativ” təşkilatının nümayəndəsi Mark İfraimov, Azərbaycan Yazıçılar Birliyi Uşaq ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadə, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva çıxış edərək nəşr haqqında fikirlərini bölüşdülər. Vurğulandı ki, “Tıq-tıq xanım” həm də multikultural dəyərləri, sülhü təbliğ edən bir əsər kimi qiymətləndirilməlidir. Dost axtaran, ətrafındakıları dostluğa, sülhə səsləyən Tıq-tıq xanım bunun əksi ilə qarşılaşır.
“Tiq-tiq xonum” kitabı “Azİz”, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu, Abdulla Şaiqin Mənzil-Muzeyinin birgə iştirakı ilə nəşr edilib. Kitabın nəşrinə həmçinin “Ordan-Burdan” uşaq “Youtube” kanalı, İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzi və qurumlar dəstək verib.
LALƏ