Elmi-ədəbi konfrans keçirilib

 

Azərbaycanın qədim mədəniyyət məkanlarından olan  Qarabağda xanlıqlar dövründən sonra ədəbiyyat və sənət daha da inkişaf edib. Molla Pənah Vaqifin Qarabağ sarayında baş vəzir olması xanlığın söz, sənət adamlarına verdiyi dəyərin göstəricisidir. Şuşada fəaliyyət göstərmiş “Məclisi-üns” ədəbi məclisi bu şəhərin mədəniyyət mərkəzi olmasının, mədəniyyətimizin inkişafına verdiyi töhfələrin daha bir nümunəsidir.

Dekabrın 7-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə “Qarabağın ədəbiyyat səhifələrində “Məclisi-üns” adlı elmi-ədəbi konfrans keçirilib.

Tədbirdə Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli giriş sözü söyləyiblər.

Sonra Ədəbiyyat İnstitutunun İlkin yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Mahirə Quliyeva, institutun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Raqub Kərimov, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyin Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyev məruzələrlə çıxış ediblər.

Məruzələrdə Qarabağın ədəbi-mədəni keçmişi, XIX əsr ədəbi məclisləri və muğam-sənət tarixi, Qarabağ atları, Qarabağ müharibəsi ədəbiyyatda, XX əsr kino sənətində Qarabağ mövzuları ətrafında söz açılıb. Qarabağ ədəbi mühitinin yetirmələri olan Molla Pənah Vaqif, Xurşudbanu  Natəvan, Qasım bəy Zakir, Baba bəy Şakir, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev və başqalarının yaradıcılığından bəhs olunub, “Məclisi-üns”, “Məclisi-fəramuşan” ədəbi məclislərinin əlyazma nüsxələri haqqında məlumat verilib.

Tədbirin bədii hissəsində Şövkət Ələkbərovanın ifasında “Durnalar” (musiqi: C.Cahangirov, söz: M.P.Vaqif), Rəşid Behbudovun ifasında “Qərənfil” (musiqi: V.Adıgözəlov, söz: X.Natəvan) əsərləri, S.Vurğunun “Vaqif” dramı əsasında səhnələşdirilmiş televiziya tamaşasından Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqifin dialoqu səsləndirilib.

Bundan əlavə, tədbirdə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlunun təqdimatında onlayn ekskursiya və AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda “Qarabağın ədəbi-mədəni mühiti əlyazmalarda” adlı sərgiyə ekskursiya təşkil olunub.