Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Macarıstan Mədəni İrs Evi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Dekabrın 13-də keçirilən tədbirdə BMM-in direktoru, Xalq artisti Murad Hüseynov Macarıstan Mədəni İrs Evinin art direktoru Pal İştvana mərkəzin fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, milli mədəni irsə dövlətin göstərdiyi diqqət, muğam sənətimizin dünyada təbliği istiqamətində Heydər Əliyev Fondu və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycan musiqisi dünyanı fəth edir.
Murad Hüseynov həmçinin musiqinin müxtəlif sahələrində birgə əməkdaşlığın perspektivlərindən söz açıb. Vurğulayıb ki, BMM öz fəaliyyətində beynəlxalq əlaqələrə xüsusi önəm verir. Memorandum Azərbaycan ilə Macarıstan arasında mədəni əlaqələrin genişlənməsinə, hər iki mədəniyyətin qarşılıqlı təbliğinə, həmçinin muğam sənətinin və bütövlükdə Azərbaycan musiqisinin daha geniş məkanda tanıdılmasına töhfə verəcək.
Mərkəzlə yaxından tanış olan Pal İştvan əməkdaşlıq, həyata keçirilə biləcək layihələrlə bağlı fikirlərini bölüşüb. Deyib ki, Macarıstan Mədəni İrs Evi ölkənin Mədəni İrs Nazirliyi tərəfindən macar xalq ənənələrini qorumaq və təbliğ etmək məqsədilə yaradılmış milli qurumdur. Qurum macar xalq ənənələri ilə bağlı bütün layihələri dəstəkləyir və təbliğ edir.
BMM ilə Macarıstanın musiqi kollektivləri arasında qarşılıqlı olaraq etnik musiqinin təbliği və birgə fəaliyyət istiqaməti mövzusuna toxunan Murad Hüseynov əməkdaşlıq çərçivəsində milli mədəni irs nümunələrini təbliğ edən sərgi, tədqiqat və konsert layihələrin keçirilməsinin zəruriliyini vurğulayıb.
Görüş zamanı iki qurum arasında qarşılıqlı layihələrin təşkili, həm Macarıstan, həm də Azərbaycanda təşkil edilən festivallarda qarşılıqlı sənət mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.