XX əsrin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi dəyişikliklər təhsil, mədəniyyət kimi sahələrdə də həyati əhəmiyyətli, tarixi hadisələrə təkan verdi.
Azərbaycan musiqi mədəniyyətinin yüksək səviyyəyə qaldırılması, Şərqin ilk ali musiqi tədrisi ocağının əsasının qoyulması dünya xəritəsində kiçik yeri olan bir ölkənin nəyə qadir olacağına tutarlı bir işarə idi. Əlbəttə, baş verən bütün bu məsələlərin intensivləşməsi idarəçilikdə olan şəxsiyyətlərin kimliyi ilə birbaşa əlaqəli idi. Bu baxımdan musiqi tədrisində idarəçiliyin təsadüf və ya zərurətdənmi Üzeyir Hacıbəyli dühasına rast gəlməsi musiqimizin və ümumilikdə incəsənətimizin gələcək müqəddəratını həll etmiş oldu. 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (bugünkü Bakı Musiqi Akademiyasının) əsası qoyuldu.
Yetmiş ildən çoxdur banisinin adını daşıyan ali təhsil ocağı təməli qoyulduğu vaxtdan musiqimizin məbədinə, respublikamızda musiqi tədrisinin əsas sütununa çevrildi. Azərbaycan mədəniyyətini öz çiyinlərində daşıyan, ona bu günə qədər gəlib çıxmaqda və illərin sınağından keçməkdə yardımçı olan şəxsiyyətlərin böyük əksəriyyəti məhz Azərbaycan Dövlət Konservatoriyasının, hazırkı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yetirmələri olmuşlar. Odur ki, böyük fəxarət hissi ilə deyə bilərik ki, biz də bu yaradıcılıq ümmanının bir damlasıyıq.
Hər bir şəxsin həyatında təhsil aldığı məkan və illər çox önəmlidir. Ölkəmizin təhsil sistemində xüsusi yeri olan bizim ali məktəb də təkcə təlim-tədris ab-havası ilə deyil, yaradıcı atmosferi və ideyaların reallaşması istiqamətində hər bir yetirməsinə dayaq olacaq məkandır. Dərs saatını bitirmiş hər bir tələbənin “öz dünyası”na çəkilərək yaradıcılıq atmosferinə qərq olması bizim akademiya üçün adi haldır. Bu, ali məktəbdə hökm sürən mühit – sabit olduğu qədər yenilikçi, rasional olduğu qədər yaradıcı mühitlə əlaqədardır. Belə bir mühitin yaranmasında Azərbaycanda musiqi təhsilinin təməlini qoyan Üzeyir Hacıbəylidən başlayaraq hazırda onun yolunu davam etdirən, cəsarətli və yenilikçi yanaşmaları daim dəyərləndirən professor Fərhad Bədəlbəyliyədək akademiyanın bütün rektorlarının müstəsna əməyi və rolu olub.
Bakı Musiqi Akademiyasının 100 illik tarixini idarəçilik quruluşu baxımından bir neçə dövrə bölmək olar. Bu mərhələlərdə rəhbər vəzifəni həm pianoçular (L.Pressman, İ.Aysberq, F.Bədəlbəyli), həm musiqişünaslar (B.Məmmədova, E.Abasova), həm də bəstəkarlar (Ü.Hacıbəyli, Q.Qarayev, Ə.Abbasov, C.Hacıyev, S.Hacıbəyov) icra etmişlər.
Bakı Musiqi Akademiyasının özəl cəhətlərindən biri sələflərə hörmət, xatirələrə sadiqlikdir. Akademiyanın memarlıq nümunəsi olan binası (memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynov) musiqi tariximizin böyük bir salnaməsinə şahiddir. Burada “Üzeyir bəyin otağı”, “Qarayevin sinfi” və s. kimi tanınan otaqlar var ki, onlarda hökm sürən sirlilik söz ilə izah olunmazdır. Həmin şəxsiyyətlərin varlığı bu məkanlarda daim duyulur.
Bakı Musiqi Akademiyasının quruluşunda heç bir fakültənin əhəmiyyətini azaltmadan Tarix-nəzəriyyə fakültəsi və onun daxilindəki kafedraların rolunu vurğulamaq istərdim. Bu xüsusilik bəlkə də qeyri- ixtiyari olaraq həmin fakültənin yetirməsi olmağımdan irəli gəlir. Yarandığı gündən bu fakültə musiqi tariximizin formalaşması üçün önəmli rol oynamışdır.
Onu da qeyd edək ki, ilk illərdə azərbaycanlı müəllimlərin olmaması səbəbindən Üzeyir Hacıbəyli ixtisaslı kadrların formalaşması üçün xarici müəllimlərə üz tutur və ya yerli tələbələrin təhsillərini təkmilləşdirmək üçün onların Moskva, Peterburq, Milan və s. konservatoriyalara getməsinə şərait yaradırdı. Zamanla bu addımların nə qədər doğru olduğu isbat edilmişdir. İlk illərdə tələbələr arasında azərbaycanlılar sayca azlıq təşkil etsə də, getdikcə fakültələrin sayı artır, tərkibi dəyişir.
Sözügedən Tarix-nəzəriyyə fakültəsi hazırda musiqişünas, professor Gülzar Mahmudovanın rəhbərliyi altında 5 kafedradan (Musiqi tarixi, Musiqi nəzəriyyəsi, Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyaları, Bəstəkarlıq, Xor dirijorluq) ibarət olub musiqişünas, bəstəkar, xormeyster-dirijor, pedaqoq kimi ixtisaslı kadrlar yetişdirməkdədir.
Fakültədə məşhur bəstəkar, dirijor, musiqişünaslar fəaliyyət göstərmişlər. Onların hər birinin xüsusi dəst-xətti və yaradıcılıq izi olmuşdur. Bu gün fakültənin kafedralarına hər birinə böyük hörmət bəslədiyimiz və daim biliklərindən mənəvi qida aldığımız Ülviyyə İmanova, Könül Nəsirova, Gülbacı İmanova, Tariyel Məmmədov və Aydın Əzimov kimi musiqi xadimləri və pedaqoqlar rəhbərlik edir. Onların əməyi nəticəsində Azərbaycan musiqisi dünya miqyasında tanınmış və bir çox konsert salonlarında səslənmiş, nüfuzlu beynəlxalq konfrans və simpoziumlarda milli musiqimiz haqqında çıxışlar edilmiş, yerli və xarici nəşrlərdə yazılar dərc olunmuşdur.
Yeni nəslin fakültə işinə cəlb olunması da bütün dövrlərdə öz müsbət təsirini göstərmişdir. Gənc yaşlarından tədrisə cəlb olunan müəllimlərin daha yaşlı nəsillə ünsiyyətdə olma və onların təcrübəsindən faydalanma imkanı yaranır.
Bu gün birəsrlik tarixi olan musiqi məbədi haqqında yazarkən, əslində, bu tarixin özünü yaşamaq imkanında olmanın nə dərəcədə vacibliyi qənaətinə gəlirsən. Azərbaycan Dövlət Konservatoriyasının 50 illik yubileyinə həsr olunmuş toplunu vərəqləyərkən daim özəl hisslər keçirir, o zamanın canlı şahidliyini arzu etmişəm. 50 il sonra fəaliyyətdə olacaq musiqiçilər isə bəlkə də bizim yerimizdə olmanı xəyal edəcəklər. Odur ki, sələflərimizə dərin hörmət və minnətdarlıq hissinin vacibliyini xələflərimizə təlqin edərək mədəniyyətimizi, musiqimizi, mənəviyyatımızı və bütün bu məfhumları özündə birləşdirən ali məktəbimizin dəyərini daim uca tutaq.
Dahi şəxsiyyətin adını daşıyan Bakı Musiqi Akademiyasının bu ada layiq olacaq çoxsaylı nəsillər yetişdirməsi arzusu ilə
Aybəniz NÖVRƏSLİ
musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru