“Uşaqlar və gənclər bizim gələcəyimiz, ümidimizdir. Sabahın böyük bəstəkarı və musiqişünası onlar arasından çıxacaqdır. Mən bütün gənclərimizi musiqini dərindən bilən, çalğı alətlərindən birində ifa etməyi bacaran, yaxşı ifaçını başqasından ayıran, musiqi janrlarını bir-birindən fərqləndirən, ümumiyyətlə, musiqi əsərlərinə həssaslıqla yanaşan şəxslər kimi görmək istəyirəm...”.
Bu sözlər 2021-ci ildə anadan olmasının 99-cu ildönümünü qeyd etdiyimiz böyük bəstəkarımız Fikrət Əmirov tərəfindən yazılıb. Onun adını daşıyan 6 nömrəli onbirillik İncəsənət məktəbi də sənətkarın tövsiyələrini əsas götürərək artıq ənənə halını almış “F.Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı şagird və müəllimlərin VI elmi-ifaçılıq konfransını keçirdi.
Budəfəki konfransın bir önəmli cəhəti də odur ki, o, iki əlamətdar yubiley ərəfəsində keçirildi. Çünki 2022-ci ildə Fikrət Əmirovun 100 illiyi ilə bərabər onun adını daşıyan məktəbində 60 illik yubileyi qeyd olunacaq.
F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbinin xüsusi layihəsi olan “F.Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı elmi-ifaçılıq konfransı 2016-cı ildən keçirilir. İlk dəfə məktəbdaxili formatda keçirilsə də, II elmi-ifaçılıq konfransından başlayaraq, Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri də bu konfransa qatılıblar. Müxtəlif illərdə C.Hacıyev adına 3 nömrəli, Niyazi adına 22 nömrəli, eləcə də 33 nömrəli, 34 nömrəli uşaq musiqi məktəbləri, 38 nömrəli gözdən əlillər üçün musiqi məktəbi konfransda iştirak edib.
Müxtəlif illərdə keçirilən konfranslarda bəstəkarın kamera-instrumental, vokal-instrumental, səhnə və simfonik əsərlərindən hissələr təhlil və ifa edilib. 2017-ci ildə keçirilmiş II konfrans bəstəkarın vokal əsərlərinin təhlilinə, yeni interpretasiyalara həsr olunmuş, III konfransda “Muğam F.Əmirov yaradıcılığında” mövzusu əsas götürülmüş, 2019-cu ildə – IV elmi-ifaçılıq konfransında (“Dialoq, elm, innovasiya”) müasir musiqi təhsilində innovativ metodlara dair fikir mübadiləsi aparılmışdı. Pandemiya şəraitində keçirilən V elmi-ifaçılıq konfransı virtual şəkildə keçirilmişdi.
VI elmi-ifaçılıq konfransının proqramına daxil edilən müxtəlif mövzular arasında həmçinin məktəbdə 2016-cı ildən təsis edilmiş “F.Əmirov muzeyi”, yeni eksponatların təqdimatı ilə bağlı məruzə də edildi. Məruzəçi – məktəbin direktoru A.Yusifova muzeyə daxil olmuş yeni fotoşəkilləri və digər eksponatları ətraflı şərh etdi. Bu cür innovativ metodlar gənc musiqiçilərin elmi araşdırmalar aparmaq istiqamətində əhəmiyyətli rol oynayır, tematik konfransların mütəmadi keçirilməsi müəllim və şagirdlərdə məsuliyyəti artırır, bəstəkar irsinə dəqiq yanaşma, musiqi zövqünün formalaşmasını və ən əsası, məktəblər arasında əməkdaşlıq, birlikdə fəaliyyət göstərmə səriştəsini inkişaf etdirir.
A.MANAFOVA