Avropa Kino Akademiyasının ən yaxşı ekran əsəri üçün mükafatı bu il bosniyalı rejissor Yasmila Jbaniçin “Haraya gedirsən, Aida?” filminə verilib.
Bu barədə akademiyanın saytında (europeanfilmacademy.org) məlumat verilib. Film 1995-ci ilin Srebrenitsa qətliamında oğullarını, ərlərini və atalarını itirmiş bosniyalı qadın və qızlara həsr olunub.
“Ən yaxşı aktrisa” nominasiyasında qalib həmin filmdə baş rolu ifa edən serbiyalı Yasna Curiçiç olub. Entoni Hopkins “Ata” filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında mükafat qazanıb.
Avropa Kino Akademiyası 1988-ci ildə Berlində köhnə qitənin aparıcı kino xadimlərinin təşəbbüsü ilə təsis olunub. Təsisçilərin ideyasına görə, Avropa Kino Akademiyasının mükafatı Amerika Kino Akademiyasının “Oskar”ına qarşılıq olmalı idi. Hərçənd ötən müddətdə Avropa kino akademiklərinin mükafatı amerikalı həmkarlarının “Oskar” ilə nüfuz yarışında elə də uğur qazanmayıb.
Yeri gəlmişkən, növbəti “Oskar” mükafatına “Ən yaxşı xarici film” nominasiyası üzrə müsabiqədə iştirak üçün ümumilikdə 93 ölkə müraciət edib. Onların arasında rusiyalı rejissor Kira Kovalenkonun “Yumruqlarını açaraq”, ukraynalı rejissor Natali Vorojbitin “Pis yollar”, özbək rejissor Elkin Tuyçiyevin “Fəridənin iki min mahnısı”, Qırğızıstandan Artıqpay Suyundukovun “Şambala” və qazax rejissor Adılxan Erjanovun “Sarı pişik” filmləri də var. Azərbaycanı rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmi təmsil edir”.
94-cü “Oskar” mükafatlandırma mərasiminin 2022-ci il martın 27-də keçirilməsi nəzərdə tutulub.
Lalə AZƏRİ