Strasburqda Avropa Şurasının Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin (CDCPP) 10-cu plenar sessiyası 8-9 dekabr tarixində hibrid formatda keçirilib.
Sessiyada Azərbaycanın da ratifikasiya etdiyi Avropa Mədəniyyət Konvensiyanın vacib üç istiqaməti üzrə aparılan işlər, bu sahədə əldə olunan tərəqqi və irəli sürülən təşəbbüslər dəyərləndirilib. Gündəlikdə qurumun 2022-2025-ci illər üzrə Strategiyası, müvafiq konvensiyaların icrasına dair vəziyyət və büronun vakant yerlərinə seçkilərin keçirilməsi kimi məsələlər yer alıb.
Dekabrın 9-da təşkilatın mədəniyyət sahəsində fəaliyyətlərinə həsr olunmuş paneldə Avropa Şurasının maliyyə dəstəyi ilə yaradılan “Free to Create, Create to be Free” rəqəmsal sərgi platformasının təqdimatı keçirilib. Təqdimatda platformaya Azərbaycan Respublikası tərəfindən Konvensiyanın ruhuna uyğun təqdim edilmiş əsərlərə görə ölkəmizə təşəkkür ifadə olunub, müəlliflərin yüksək bədii-estetik dəyərə malik əsərləri təqdir edilib.
Qeyd edək ki, sözügedən layihə Avropa İnsan Hüquqları Konvensiyasının 70 illik yubileyi münasibətilə Avropa Şurasının təşəbbüsü, CDCPP-nin dəstəyi ilə 2021-ci ildə yaradılıb. Şuraya üzv dövlətlərin hər biri layihəyə iki sənət əsəri təqdim edə bilər. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən müasir incəsənətimizin tanınmış nümayəndələri – Əməkdar rəssamlar Faiq Əhmədin “DNT” və Rəşad Mehdiyevin “Baxış” əsərləri seçilərək platformaya təqdim edilib.
Sərgi ilə daha ətraflı https://freetocreate.art/ rəqəmsal platformasında tanış olmaq olar.
Daha sonra tədbir işini mədəniyyət sahəsində müxtəlif regional təşkilatların və ekspertlərin təqdimatları ilə davam etdirib. Tədbirə ölkəmizdən “Free to Create, Create to be Free” layihəsinin koordinatoru, Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri vəzifəsini icra edən Araz Bağırlı qatılıb.