Dekabrın 14-də Gürcüstanın paytaxtı Tbilisidə dünya şöhrətli sənətkar, Azərbaycan və SSRİ-nin Xalq artisti Rəşid Behbudovun (1915–1989) anadan olmasının 106-cı ildönümünə həsr edilmiş xatirə konserti təşkil olunub.
Tədbir Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Tbilisi Dövlət Konservatoriyasında reallaşıb.
Konsertin keçirilməsinə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi, Azərbaycanın Gürcüstandakı Səfirliyi, SOCAR şirkəti dəstək göstəriblər.
Konservatoriyanın foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi də təşkil edilib.
Konsert “Melita” rəqs qrupunun ifasında Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından rəqs ilə başlayıb. Rəşid Behbudov 1945-ci ildə bu operetta əsasında çəkilmiş eyniadlı filmdə baş rolu oynayıb.
Gürcüstanın tanınmış mədəniyyət xadimləri Gelodi Potsxişvili, Vaxtanq Qaçeçiladze çıxış edərək Rəşid Behbudov haqqında xatirələrini bölüşüb, yaradıcılığından söz açıblar.
Sonra konsertdə gürcü və azərbaycanlı solistlər – Zümrüd Əlizadə, Ərtoğrul Balayev, Natəvan Həsənova, Nərgiz Əliyeva, Hüseyn Əliyev, Tedo Qoridze, Surə Rüfət, Teymur Kazımov, Dilarə Kərimova, İamze Urumaşvili “Sənsiz”, “Natəvana ithaf”, “Sevgilim”, “Bakı nəğməsi”, “Ey Vətən” mahnılarını ifa ediblər.
Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin gənc musiqiçiləri də konsertdə çıxış ediblər. Sonda Həzrət Əzizli Nərgiz Əliyevanın müşayiəti ilə “Yaşa, Azərbaycan” mahnısını ifa edib.