Pianoçuların beynəlxalq müsabiqəsinə yekun vurulub

 

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi çərçivəsində və Xalq artisti, bəstəkar, professor Azər Dadaşovun 75 illik yubileyi münasibətilə keçirilmiş pianoçuların “Azər Dadaşovun əsərlərinin ən yaxşı ifaçısı” V beynəlxalq müsabiqəsinə yekun vurulub.

BMA-dan bildirilib ki, müsabiqəyə altı ölkədən – Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan və İrandan iştirakçılar qatılıb. Hər il fərqli repertuar və şərtlər əsasında təşkil olunan müsabiqə bu il mövcud şəraitə görə onlayn formatda və yaş məhdudiyyəti qoyulmadan keçirilib.

Müsabiqədə iştirakçılara Azər Dadaşovun prelüd və fuqası, həmçinin sərbəst seçim kimi digər əsərlərindən hər hansı birinin ifası təklif olunub.

Pedaqogika üzrə fəlsəfə doktoru, professor, BMA-nın tədris işləri üzrə prorektoru Nərminə Quliyevanın sədrliyi ilə keçirilən müsabiqədə qaliblərin müəyyən edilməsində, Azər Dadaşovun təklifi ilə, bəstəkarın prelüd və fuqasının ifasının qiymətləndirilməsi əsas götürülüb. Müsabiqə onlayn formatda təşkil olunduğuna görə videoyazılar şəklində göndərilən ifalar dinlənilib.

Münsiflər heyətinin qərarına əsasən, Nərgiz Kəngərli və Nuranə Zeynalova laureat (Azərbaycan), Ləman İslamzadə (Azərbaycan), Mahbod Hagh Parast (İran) və Araylım Oralxan (Qazaxıstan) isə diplomant adına layiq görülüblər. Müsabiqənin digər iştirakçıları fəxri fərmanlarla təltif olunub.