“Temrin” dərgisinin xüsusi sayı Şirməmməd Hüseynova həsr olunub

 

Dekabrın 17-si filologiya elmləri doktoru, mətbuat xadimi, Əməkdar jurnalist, professor Şirməmməd Hüseynovun (1924–2019) anadan olmasının 97-ci ildönümüdür. Şirməmməd Hüseynovun mətbuat tariximizin, Azərbaycan Xalq Cümhuriyyətinin, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli irsinin öyrənilməsi və təbliğində böyük xidmətləri var.

Türkiyədə nəşr olunan “Temrin” dərgisinin növbəti nömrəsi görkəmli alim, pedaqoq, ustad jurnalist Şirməmməd Hüseynova həsr edilib.

“Azərbaycan qəzetəçiliyinin duayeni Şirməmməd Hüseynov” adlı xüsusi nömrə Şirməmməd Hüseynovun vəfatı ilə bağlı Prezident İlham Əliyevin imzaladığı nekroloqdan “Görkəmli alim, pedaqoq və publisist, əsl ziyalı Şirməmməd Ağaməmməd oğlu Hüseynovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır...” sözləri ilə başlayır.

Dərgidə alimin tərcümeyi-halı, aforizmə çevrilmiş bəzi deyimləri, ölkənin tanınmış alim və ictimai xadimləri, söz adamları, Şirməmməd müəllimin həmkarları və tələbələrinin məqalə və rəyləri yer alır.

Milli Məclisin deputatları – akademik Rafael Hüseynovun “Ustada vida”, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Şirməmməd Hüseynov zirvəsi”, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin “Həqiqət və ləyaqət simvolu”, professor Cahangir Məmmədlinin “Ömrümüzün Şirməmməd Hüseynov təsəllisi”, professor Alxan Bayramoğlunun “Riyaziyyatçı jurnalist”, dosent-doktor Könül Niftəliyevanın “Milli tariximizin istiqlal səhifələri”, tanınmış jurnalist Hikmət Sabiroğlunun “Şirməmməd müəllimin dərsləri” və başqa məqalələr Şirməmməd Hüseynovun şərəfli ömür yoluna işıq tutur, onu Türkiyənin akademik dairələrinə yaxından tanıdır.

Nəşrdə Xalq şairi Bəxtiyar Vahabzadə, Xalq yazıçıları Anar, Afaq Məsud, mərhum akademiklər Vasim Məmmədəliyev, Bəkir Nəbiyev, Milli Məclisin deputatları Fazil Mustafa, Aqil Abbas, ictimai xadim Ramiz Abutalıbov, akademik Muxtar Kazımoğlu, professorlar Qulu Məhərrəmli, Tofiq Köçərli, Nəsiman Yaqublu, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqalarının Şirməmməd Hüseynov haqqında xatirə və fikirləri də yer alıb.

Yazılar Şirməmməd müəllimin həyatının müxtəlif dönəmlərini əks etdirən fotolarla müşayiət olunur. Nəşrdə Şirməmməd Hüseynovun uzun müddət yaxın dostluq etdiyi Bəxtiyar Vahabzadənin ona həsr etdiyi şeiri verilib. Xalq şairi Şirməmməd Hüseynov haqqında səmimi duyğularını belə ifadə etmişdi:

Şirməmməd – əxlaqın, haqqın öz səsi,
Ləyaqət, dəyanət mücəssəməsi!

“Temrin” dərgisinin “Şirməmməd Hüseynov” xüsusi sayına daxil edilmiş mətnlərin Türkiyə  türkcəsinə Əbdülqədir Özkan uyğunlaşdırılıb, buraxılışın koordinatoru jurnalist Bəxtiyar Səlimovdur.