Azərbaycan Mədəniyyət Mərkəzində batika sərgisi

 

 

Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) ”Yeddi gözəl” batika sərgisi təşkil edilib.

Tədbiri giriş sözü ilə açan AMM-in direktoru Leyla Qasımova “Nizami Gəncəvi İli” çərçivəsində müxtəlif tədbirlər həyata keçirdiklərini deyib. Bildirib ki, bu günlərdə TÜRKSOY-la birlikdə hazırlanan daha bir layihə təqdim olunacaq.

Tədbirə aparıcılıq edən filologiya elmləri doktoru Yaqut Abdalla dahi Azərbaycan şairinin irsinin dünya ədəbiyyatına, incəsənətin müxtəlif sahələrinə təsiri barədə danışıb. Qeyd edilib ki, Nizaminin “Yeddi gözəl” poemasının süjet və motivlərindən bəhrələnən avropalı müəlliflər (Karlo Qotsi, Fridrix Şiller) yeni dram əsərləri ərsəyə gətirib, görkəmli bəstəkar Cakomo Puççini həmin poemadan Çin gözəlinin rəvayəti əsasında məşhur “Turandot” operasını yazıb.

Rəssam Şəhla Abbasova təqdim etdiyi sərgi barədə danışıb və bildirib ki, bir çox yerlərdə Nizami Gəncəvinin əsərlərinə miniatürlərdə rast gəlinir. Lakin o, Nizami Gəncəvi mövzusuna fərqli prizmadan yanaşmağa və bədii düşüncələrini daha monumental formatda ipək üzərində canlandırmağa çalışıb. Rəssam bildirib ki, hazırladığı “Yeddi gözəl” motivli batika əsərlərində hər gözəlin aid olduğu ölkənin memarlıq və ornamentlərindən istifadə edilib, rənglər də gözəllərin təmsil etdikləri rənglər əsasında seçilib, həmçinin ipək parça üzərində qarışıq – isti və soyuq batik texnikadan istifadə olunub.

Tanınmış almaniyalı şərqşünas alim Mixael Hess isə məruzəsində Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixinin görkəmli nümayəndələrindən biri olan Nizami Gəncəvinin həyat və yaradıcılığından ətraflı bəhs edib. O, şairin yaşadığı dövrün ədəbi-bədii mühiti və ictimai-siyasi proseslərindən söz açaraq, Nizamini yetişdirən mühiti təsvir edib. Nizaminin müxtəlif dilləri dərindən bilən bir mütəfəkkir kimi səciyyələndirən M.Hess məhz bu dil bilgisi sayəsində onun geniş erudisiya sahibi olduğunu diqqətə çatdırıb, şairin “Xəmsə”sinin Şərq ədəbiyyatı ilə yanaşı, Qərb ədəbiyyatında da göstərdiyi təsir və əks-sədadan danışıb.

Tədbirdə Nizaminin sözlərinə bəstələnmiş musiqi parçaları videoçarx kimi nümayiş olunub.