Qobustan Milli Tarix-Bədii Qoruğunda “Sərhədsiz musiqi” (Musik Without Frontiers) adlı tədbir keçirilib.
Qoruqdan bildirilib ki, tədbir çərçivəsində məşhur italyan DJ Donato Papadia (Papa DJ) musiqi proqramı ilə çıxış edib. O, qoruq ərazisindəki “Qavaldaş” üzərində də öz məharətini göstərib.
İtalyan DJ-yi yerli musiqiçilər, o cümlədən Qədim Milli Musiqi Alətləri Ansamblı müşayiət edib. Müasir elektron musiqi ilə milli etno-folklorun sintezi unudulmaz təəssürat yaradıb.
Tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kuzmenko PR & Events” beynəlxalq agentliyi tərəfindən təşkil olunub. Təşkilatçıların məqsədi “Biz sağıq! Biz bütün müharibələrdən və pandemiyalardan sağ çıxacağıq!” kimi musiqili mesajı bəşəriyyətə çatdırmaqdır.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev qonaqlara “qayalı şəhər”in ərazisində yerləşən tarixi abidələr, habelə onun dünya arxeologiya elmi üçün əhəmiyyətindən danışıb. İtaliyadan və Ukraynadan gələn qonaqlar Qobustan ərazisində gördükləri eksponatlardan məmnun qalıblar.
Tədbirin videosu Avropanın aparıcı musiqili “Youtube” kanallarında yayımlanacaq.