Dekabrın 16-da tanınmış bəstəkar, pianoçu, caz-muğamın banisi, Əməkdar artist Vaqif Mustafazadənin (1940-1979) vəfatından 42 il ötdü. Bəstəkarın anım günündə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən, musiqiçinin adını daşıyan 2 nömrəli Uşaq incəsənət məktəbində tədbir keçirildi.

Xatirə tədbiri Uşaq incəsənət məktəbi və Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Vaqif Mustafazadənin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə reallaşdı.

Məktəbin direktoru, Əməkdar artist Akif Süleymanbəyli tədbiri açaraq görkəmli sənətkarın Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrdən danışdı. Bildirdi ki, orijinal ifaçılıq üslubuna malik Vaqif Mustafazadə muğamlarımızı ənənəvi caz texnikası ilə uyğunlaşdıraraq muğamla cazın sintezini yaradıb. Onun milli musiqi sənətinə gətirdiyi bu kimi yeniliklər bu gün də öz aktuallığını qoruyub saxlayır.

Vaqif Mustafazadənin Ev-Muzeyinin təsisçisi və direktoru, bəstəkarın adını daşıyan xeyriyyə fondunun sədri Afaq Əliyeva musiqiçinin yaradıcılıq yolundan danışdı. Diqqətə çatdırdı ki, Vaqif Mustafazadə hələ tələbə ikən kiçik konsertlər verir və klublarda çıxış edirdi. Əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edən musiqiçi 1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. O, beynəlxalq caz müsabiqə və festivallarının laureatı olub.

Bildirildi ki, musiqiçi 1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə keçirilən caz festivalından Vətənə “Ağ royal” mükafatı ilə qayıdır və respublikanın “Əməkdar artist”i fəxri adına layiq görülür. Təəssüf ki, həmin ilin dekabrında Daşkənd şəhərində qastrol səfərində ikən vəfat edir.

Tədbirdə daha sonra musiqiçinin anası mərhum Zivər Əliyeva ilə vaxtilə birgə çalışmış, təqaüddə olan müəllimlərdən Minarə Səmədova, Elxan Məmmədov və Sevil Məmmədova çıxış edərək Zivər xanımla bağlı xatirələrini bölüşdülər. Bildirdilər ki, musiqiçi olan Zivər Əliyeva çox mehriban və qayğıkeş idi. Bir müəllim kimi şagirdlərə sənətin sirlərini öyrətmək üçün əlindən gələni əsirgəməzdi.

Çıxışlardan sonra ev-muzeyin direktoru Afaq Əliyeva tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

Daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, heykəltəraş Toğrul Ağayevin hazırladığı Vaqif Mustafazadənin anası Zivər Əliyevanın büstünün açılışı oldu.

Sonda incəsənət məktəbi şagirdlərinin ifasında musiqi nömrələri təqdim edildi. Şagirdlərin ifasında V.Mustafazadənin “Tənhalıq”, “Muğam”, “Mart”, Əzizə Mustafazadənin “Oriyental ornamet”, Ələkbər Tağıyevin “Bakı gecələri” əsərləri səsləndirildi. Çıxışlar alqışlarla qarşılandı.

S.FƏRƏCOV