Qırğızıstan Milli Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə “Yeddi gözəl” poemasının qırğız dilində audiokitabının təqdimat mərasimi keçirilib.

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində diplomatik korpusun üzvləri, elm, mədəniyyət xadimləri iştirak ediblər.

TDSDF-nin prezidenti Nüsrət Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi İli” elan edilib. Bu münasibətlə fond qüdrətli söz ustadının “Yeddi gözəl” poemasının qırğız dilində audiokitabını hazırlayıb.

Layihənin gerçəkləşdirilməsinə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Türkdilli Dövlətlərin Parlament Assambleyası və Bişkekdəki KTRK televiziya kanalı dəstək göstərib. Bir neçə il öncə fondun sifarişi ilə poemanı qırğız dilinə Xalq şairi Egemberdi Ermatov tərcümə edib. Audiokitabın rejissoru Bektursun Kaldarovdur. Mətni tanınmış diktor Jıparqul Şabdanaliyeva oxuyub.

Təqdimatda Macarıstanın Qırğızıstandakı səfiri Şandor Doroqi, Yaponiyanın Qırğızıstandakı səfirinin müavini Soiçiro Okava, Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının tərcüməçisi Egemberdi Ermatovun oğlu Ermek Ermatov, Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun professoru Gülcamal Camankulova və başqaları çıxış ediblər.

Tədbirdə Azərbaycanın ümummilli lideri Heydər Əliyev və böyük qırğız yazıçısı Çingiz Aytmatova həsr olunmuş “İki dahi şəxsiyyət...” sənədli filmi nümayiş edilib.

Nizaminin “Yeddi gözəl” poemasının qırğız dilində audiokitabını aşağıdakı linkdən dinləmək mümkündür: http://turktoday.info/news_az/gruppa-lider/