Ələkbər Ziyatayın şeirləri nəğmə olub könülləri oxşayıb
XX əsr Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən və sevilən şairlərdən biri də Ələkbər Ziyatay olub. Ədəbiyyata ötən əsrin 30-cu illərində gələn şair şeriyyətimizə zənginlik bəxş edib. Şeirləri könülləri oxşayan nəğmələrə çevrilib.
Ələkbər Həsən oğlu Ziyatay (Cəfərov) 21 dekabr 1913-cü ildə Gəncə şəhərində dünyaya göz açır. Yeddillik şəhər məktəbini bitirib İnşaat Texnikumuna daxil olur. Sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Ədəbiyyat fakültəsində təhsil alır. Tələbəlik illərində bədii yaradıcılığa meyil göstərir, şeirlər qələmə alır. İnstitutun elmi şurasının qərarı ilə Azərbaycan dili kafedrasında müəllim kimi saxlanılır. Pedaqoji fəaliyyətlə yanaşı “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri, Azərbaycan Yazıçılar İttifaqı Gəncə bölməsinin məsul katibi, “Azərnəşr”də redaktor vəzifələrində çalışır.
“Ziyatay” təxəllüsü götürən şairin şeirləri müxtəlif qəzet və jurnallarda dərc olunur. Şeirləri bəstəkarların da diqqətini çəkir, bir-birindən maraqlı nəğmələr könülləri oxşayır. Artıq o, ədəbi aləmdə nəğməkar şair kimi tanınmağa başlayır. Müəllifin şeirləri qəlbəyatan mahnılara çevrilir, müğənnilərin repertuarında özünə yer tapır. “Qəlbim gəl deyir”, “Nə deyim”, “Səninləyəm”, “Azərbaycanım mənim”, “Bakı gecələri”, “Sənsən”, “Dilim-dilim ol, dilim”, “Olmalıydın, olmadın” kimi əsərləri ilə oxucu rəğbətini qazanır.
Alim və tərcüməçi Kövsər Tarıverdiyeva xatirələrində nəğməkar şair haqqında yazır: “Şair Ələkbər Ziyatayı 1933-1937-ci illər arasında Azərbaycan Pedaqoji İnstitutunda oxuduğumuz tələbəlik illərindən tanıyırdım. O, istedadlı, mülayim təbiətli və əlaçı bir tələbə idi. Əlində hələ o dövrdə biz tələbələrin təsəvvüründə olmadığı qalın cildli ensiklopediyalara, rəsm albomlarına, dünya ədəbiyyatını və incəsənətini əks etdirən toplulara rast gəlmək olurdu...”.
Ələkbər Ziyatayın yaradıcılığında müharibə mövzusu ayrıca yer tutur. Araşdırmalarda qeyd edilir ki, Xalq şairi Səməd Vurğunun 1941-1945-ci illər müharibəsi başlayan gün qələmə aldığı və dillər əzbərinə çevrilən “Vətənin keşiyində” şeiri onu bu mövzuda yazmağa ruhlandırıb. Bu baxımdan şairin “Qana qan deyə”, “Nifrət”, “Qalxan et dərdə qəzəb bayrağını” adlı şeirləri günümüzlə çox səsləşir.
Tanınmış şairin yaradıcılığında uşaqlar üçün maraqlı bədii nümunələr də kifayət qədərdir. Şairin “Kəpənək”, “Nərminin oyuncaqları”, “Salam, yeni dərs ili”, “Sənin tutacağın yol”, “Qoşulsun nəğməmizə” və s. digər şeirləri uşaqlar tərəfindən maraqla qarşılanıb.
Azərbaycan ədəbiyyatında nakam məhəbbətin uğursuzluğu ilə bağlı çoxsaylı nümunə var. Lakin Ələkbər Ziyatayın “Olmalıydın, olmadın” adlı qəzəli bu mövzuda qələmə alınan ən təsirli əsərlərdən biridir. Həmin qəzələ bəstələnən mahnı 70-80-ci illərdə dinləyicilər tərəfindən çox sevilib. Bu mahnı SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ifasında daha çox dinlənilib:
Sən mənim ulduzlu dünyam olmalıydın, olmadın,
Sən mənim bir dünya sevdam olmalıydın, olmadın.
Z.Xanlarova şair haqqında fikirlərini bölüşərkən deyib: “Ələkbər Ziyatay mənim çox sevdiyim şairlərdəndir. Onunla ilk dəfə bəstəkar Ələkbər Tağıyevin evində tanış olmuşam. Bəstəkar onun “Azərbaycanım mənim” adlı şeirinə musiqi yazmışdı. Mahnını birinci dəfə mən ifa etdim. Şairlə dostluğumuz da o vaxtdan başlayıb. O, ilk şeirlərini mənə də oxuyardı... O zaman onun “Olmalıydın, olmadın” şeirinə yazılan mahnını da ifa etdim. O mahnı çox populyarlıq qazandı. “Sənsən” şeirinə bəstələnən mahnı da mənim ifamda nəinki Azərbaycanda, hətta respublika hüdudlarından çox-çox uzaqlarda – Avstraliyada, Amerikada, İsraildə, Avropada da sevildi...”.
Xalqına, vətəninə qəlbən bağlı olan Ələkbər Ziyatay vətənsevərlik ruhlu şeirlər də qələmə alıb. Dilimizin saflığı və şirinliyini “Doğma dilim” əsərində sənətkarlıqla tərənnüm edib:
Doğma dilim, sən ki varsan dünyada,
Mən də varam söyləməyə haqlıyam.
Dost dillərə min hörmətim olsa da,
Öz dilimə min könüldən bağlıyam!
Qürbətdə də eşidəndə bu dili,
Hiss edirəm özümü öz elimdə.
Mahnıları uzaq-yaxın ellərin,
Doğmalaşır səsləndikcə dilimdə.
Ələkbər Ziyatay qələmini tərcümə sahəsində də sınayıb. Azərbaycan oxucusu onun poetik tərcümələri vasitəsilə dünya ədəbiyyatının klassik nümunələri ilə tanış olub. O, müxtəlif illərdə Homerin “Odisseya”, Əlişir Nəvainin “Yeddi səyyarə”, “Fərhad və Şirin” əsərlərini, Lope de Veqanın “Nə yardan doyur, nə əldən qoyur”, Bertold Brextin “Üç quruşluq opera”, A.Qriboyedovun “Ağıldan bəla” komediyalarını və s. əsərləri dilimizə tərcümə edib.
Şair, tərcüməçi, pedaqoq və ictimai xadim Ələkbər Ziyatay 2 iyul 1982-ci ildə, 69 yaşında vəfat edib, Gəncədə dəfn olunub.
Savalan FƏRƏCOV