Belarusun Böyük Teatrında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə konsert keçirilib.

Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının Əməkdar artisti, tanınmış opera müğənnisi Yekaterina Semençuk və Mariinski Teatrının solisti Məhərrəm Hüseynovun solistliliyi ilə baş tutan konsert sənətsevərlərin gurultulu alqışları ilə qarşılanıb. Tamaşaçılar arasında Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev də olub.

“İnanılmaz hisslər idi. Yekaterina Semençukun yaradıcılığının və istedadının möhtəşəmliyini sözlə çatdırmaq çox çətindir. Möhtəşəm axşam üçün ona və gözəl bas-bariton Məhərrəm Hüseynova təşəkkür edirəm. Həmçinin Belarusun Böyük Teatrının simfonik orkestrinin musiqiçilərinə minnətdaram”, - deyə Əyyub Quliyev konsertdən sonra qeyd edib.