MDB-nin əsas mükafatları təqdim olunub

 

Xəbər verdiyimiz kimi, dekabrın 21-də Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) humanitar sahədə əldə edilən yüksək nailiyyətlərə görə “Birlik ulduzları” və “Debütlər birliyi” mükafatlarının növbəti təqdimatı keçirilib.

Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) və MDB Humanitar Əməkdaşlıq Şurası tərəfindən təsis olunan mükafatlara bu il Azərbaycandan Xalq artisti, Rusiya Böyük Teatrının solisti Elçin Əzizov (“Birlik ulduzları”) və Dövlət İdarəçilik Akademiyasının müşaviri, “Bakı Politoloqlar Klubu”nun rəhbəri Zaur Məmmədov (“Debütlər birliyi”) layiq görülüblər.

Mükafatlandırma hibrid formatda təşkil olunub, laureatların bir qismi mərasimə onlayn şəkildə qoşulublar.

DHƏF İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu laureatları təbrik edərək, bu mükafatın MDB məkanında görkəmli insanları birləşdirdiyini qeyd edib. “DHƏF mükafatının laureatları görkəmli bəstəkarlar, rəssamlar, həyatlarını yaradıcılığa və məkanımızın birləşməsinə həsr etmiş insanlardır. Özünütəcriddə olan hər hansı bir mədəniyyət məhv ola bilər. Mədəniyyət inkişaf etmək üçün digər mədəniyyətlərlə qarşılıqlı əlaqədə olmalı, ünsiyyət qurmalı, təmas etməlidir. Fondumuz bu irsi qoruyub saxlayaraq böyük işlər görür”, – deyə P.Bülbüloğlu bildirib.

DHƏF-nin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy da ölkələr arasında mədəniyyət sahəsində ünsiyyətin vacibliyini vurğulayıb: “Biz çətin bir dövrdə, necə deyərlər, bu gün turbulentlik vəziyyətində yaşayırıq. Bura toplaşanlar bilir ki, mədəniyyət sahəsində münasibətlər daimidir, siyasi birləşmələrdən asılı deyil. Bu, bizim üçün hər şeydən mühümdür”.

DHƏF-nin icraçı direktoru Anatoli İksanov diqqətə çatdırıb ki, mərasimə MDB-nin hər ölkəsindən humanitar elmlər, mədəniyyət və incəsənət sahəsində nailiyyətlər qazanmış insanlar qatılıb: “Mənim üçün laureatlardan biri – Elçin Əzizov haqqında ayrıca danışmaq xüsusilə xoşdur. Mən artıq 8 ildir ki, Böyük Teatrda (A.İksanov 2000-2013-cü illərdə Böyük Teatrın direktoru olub – red.) işləmirəm, lakin Elçin Əzizov hələ o vaxt möhtəşəm səsi, heyrətamiz xarakteri ilə fərqlənirdi. Teatrda ona pərəstiş edirlər, sevirlər”. A.İksanov bu il MDB-nin əsas mükafatının laureatları sırasında Elçin Əzizovun da yer almasına şad olduğunu bildirib.

Sonra mükafatların təqdimetmə mərasimi olub.

Qeyd edək ki, bu il “Birlik ulduzları” mükafatına 9 ölkədən 13 namizəd irəli sürülüb. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludan mükafatı qəbul edən Elçin Əzizov laureat olan həmkarlarını təbrik edib, DHƏF rəhbərliyinə təşəkkürünü bildirib.

Bu il “Birlik ulduzları” mükafatının laureatları arasında şair, ədəbiyyatşünas, Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov, Qırğız Respublikası Milli Elmlər Akademiyasının prezidenti Murat Cumatayev, Moldova Milli Elmlər Akademiyasının prezidenti İon Tiqinyanu, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, akademik Anatoli Torkunov və başqaları var.

“Debütlər birliyi” mükafatı humanitar sahədə gənc mütəxəssislərə (35 yaşa qədər) təqdim edilir. Ötən illər ərzində mükafat şairlərə, həkimlərə, müəllimlərə, alimlərə, abidələrin mühafizəsi üzrə mütəxəssislərə, kitab və mütaliə təbliğatçılarına verilib. Bu il mükafat MDB-də Böyük Qələbənin 75-ci ildönümü ili kimi elan edilmiş 2020-ci ilin nəticələrinə görə verilib.

Azərbaycandan mükafata layiq görülən Zaur Məmmədov qeyd edib ki, biz ortaq tariximizi, faşizmə qarşı vuruşan qəhrəmanlarımızı unutmamalıyıq: “Bu mövzu ona görə daha aktualdır ki, MDB məkanında, o cümlədən bizim regionda faşist ideologiyasının nümayəndələrini şöhrətləndirmək cəhdləri müşahidə olunur ki, bu da yolverilməzdir”.

Mərasimdə MDB ölkələrinin Gənclər Simfonik Orkestri laureatlar üçün xüsusi konsert proqramı təqdim edib. 2007-ci ildə yaradılan orkestr DHƏF-nin layihələrindən biridir. Kollektivə MDB ölkələrindən olan gənc musiqiçilər, nüfuzlu müsabiqələrin qalibləri daxildir. Bu il kollektiv Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərliyi ilə Rusiya Dövlət Simfonik Kinematoqrafiya Orkestri əsasında fəaliyyət göstərir.