Qırğızıstan kino sənətinin ən məşhur simalarından biri, rejissor, aktyor, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bolot Şamşiyev (1941-2019) anadan olmasının 80-ci ildönümündə Ankarada anıldı.

Dekabrın 21-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Qırğızıstanın Türkiyədəki Səfirliyi və Yerli Düşüncə Dərnəyinin birgə əməkdaşlığı ilə Bolot Şamşiyevin həyat və yaradıcılığını əks etdirən sərginin açılışı keçirildi. Tədbirdə TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı, Qırğızıstanın Türkiyədəki səfiri Kubaniçbek Ömuraliyev, Türkiyənin Moldova və Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, Türkiyə və Qırğızıstan kino sənətinin nümayəndələri iştirak edirdi.

Sərginin açılışından sonra Bolot Şamşiyev haqqında sənədli film nümayiş etdirildi.

Tədbirdə çıxış edən Bilal Çakıcı bildirdi ki, Qırğızıstanın ən böyük rejissorlarından olan Bolot Şamşiyev Ankarada üç gün davam edəcək tədbirlərlə anılacaq: “80-90-cı illərdə qazax və qırğız ədəbiyyatının unudulmaz əsərlərini ssenariləşdirən və bu vasitə ilə iki xalq arasında qardaşlıq bağlarını möhkəmləndirən, dövlətlərarası yaxınlaşmaya töhfə verən Bolot Şamşiyev dövrün ən çox baxılan filmlərini çəkib. Təəssüf ki, qırğız xalqının qəlbində böyük yer tutan, hörmətlə anılan Bolot Şamşiyevi iki il əvvəl itirdik. Amma inanırıq ki, rejissor öz filmləri ilə qırğız və qazax xalqlarının yaddaşında əbədi yaşayacaq”.

Səfir K.Ömüraliyev böyük kino xadiminin həyat və yaradıcılığından bəhs etdi. Bildirdi ki, kinorejissor Bolot Şamşiyev filmləri ilə qırğız xalqını dünyaya tanıdıb.

Çıxışlardan sonra iştirakçılara B.Şamşiyevin “İssık-kul gölünün gəlincikləri” filmi nümayiş etdirildi.

Mehparə SULTANOVA
Ankara