Respublikanın Xalq artisti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar Tofiq Əhməd ağa oğlu Bakıxanovun layiq görüldüyü təltiflər onun zəngin yaradıcılığına verilən yüksək qiymətdir. Görkəmli bəstəkar sənətə gəldiyi gündən durmadan çalışıb, yazıb-yaradıb, hər zaman yaradıcılıq axtarışında olub və Azərbaycan musiqi tarixinə, mədəniyyətinə mühüm töhfələr vermişdir.
Professional bəstəkarlıq məktəbimizin layiqli davamçılarından olan Tofiq Bakıxanov Azərbaycanın ən nüfuzlu, tanınmış nəsillərindən biri – Bakıxanovların nümayəndəsi olaraq həmin nəslin ənənələrinə sadiq qalmış, ləyaqətlə bu estafeti davam etdirmiş, tutduğu yolda vicdanla, məsuliyyətlə çalışmışdır. Geniş yaradıcılıq diapazonuna malik bəstəkar milli ənənələrə böyük məsuliyyət və ciddiliklə yanaşaraq musiqi sənətimizə dəyərli əsərlər bəxş etmişdir. Hər bir əsərində yüksək peşəkarlıq və orijinal yanaşma tərzi nümayiş etdirən sənətkar operadan başqa musiqinin bütün janrlarında əsərlər yazmış, musiqili səhnə əsərləri – baletlər, musiqili komediyalar, simfonik əsərlər, xor əsərləri, instrumental əsərlər, kamera-vokal əsərləri və s. bəstələmişdir. T.Bakıxanov yaradıcılığında klassik musiqi milli ənənələr əsasında inkişaf olunmuş, bəstəkar milli musiqi xəzinəsindən bacarıqla bəhrələnərək, əsərlərində xalq musiqisi ilə müasir bəstəkarlıq yazı texnikasının vəhdətini yaratmışdır.
Bilirik ki, hər bir sənətkarın yetişməsi üçün əlverişli şərait lazımdır. Tofiq müəllimin Azərbaycan musiqi tarixində özünəməxsus yer qazanması da bir təsadüf olmamışdır. O özü bu barədə deyir: “Mən bəstəkar kimi formalaşmağımı, sənətdə bu yerə yüksəlməyimi üç insana borcluyam: atam Əhməd Ağa Bakıxanov, dahi Üzeyir Hacıbəyli və Qara Qarayevə... Evimizə çox musiqiçilər, bəstəkarlar, xüsusilə də dahi Üzeyir bəy tez-tez gəlib-gedirdi və mən onlarla hər zaman təmasda olurdum. Bizim evimizi konservatoriyanın bir şöbəsi adlandırırdılar...”.
Uşaqlıqdan evdə hər zaman musiqi sədaları eşidən Tofiq müəllim atası – tanınmış tarzən, muğam bilicisi Əhməd ağa Bakıxanovdan muğamları bütün incəliklərinədək öyrənmiş, bu da onun yaradıcılığı üçün əsaslı bünövrə olmuşdur. Dövrün ən görkəmli simaları ilə hər zaman əlaqədə olan Tofiq Bakıxanovun konservatoriyada Qara Qarayevin sinfində təhsil alması isə onun dünyagörüşünün, yaradıcılıq üslubunun formalaşmasına səbəb olmuşdur.
Bir sıra ilklərə imza atan Tofiq Bakıxanov, həmçinin virtuoz skripka ifaçısı kimi 1950-ci illərdən etibarən Azərbaycan Dövlət Filarmoniyasının nəzdindəki trioda fəaliyyət göstərmiş, F.Əmirov, S.Ələsgərov, C.Cahangirov kimi bəstəkarlarımızın bir sıra əsərlərinin ilk məharətli ifaçısı olmuşdur.
Tofiq müəllim daim yaradıcılıq axtarışında olmuş, qarşısına qoyduğu məqsədlərə çatmaq üçün sənət yolunda inamlı addımlarla irəliləmiş, gərgin əmək sərf etmişdir. Musiqi mədəniyyəti tariximizdə yenilikçi bəstəkar mövqeyindən çıxış edən Tofiq Bakıxanov Azərbaycanda viola, violonçel, fleyta üçün sonata, eyni zamanda qoboy, klarnet, truba, fleyta, violonçel alətləri üçün konsert janrına ilk dəfə müraciət etmiş, ilk birpərdəli baletin yaradıcısı olmuşdur. Bəstələdiyi üç balet (“Xəzər balladası”, “Şərq poeması”, “Xeyir və Şər”), üç musiqili komediya (“Altı qızın biri pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir”), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 26 konsert, 5 simfonik muğam, 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlər, 9 fuqa, 5 prelüd, silsilə uşaq pyesləri, 120-dən artıq mahnı və romans bəstəkarın məhsuldar və çoxşaxəli yaradıcılığından xəbər verir.
Tofiq Bakıxanov öz əsərləri ilə Azərbaycan musiqisini xaricdə də layiqincə təmsil etmiş, dəfələrlə Fransa, İngiltərə, Almaniya, Rumıniya, Şotlandiya, İsveç, Türkiyə, İran və s. dünyanın bir çox ölkəsində beynəlxalq musiqi festivallarında, müsabiqələrdə iştirak etmiş, onun əsərlərindən ibarət konsertlər (60-dan çox müəllif konserti) təşkil olunmuşdur. Bəstəkarın hələ gənc ikən Fransada nümayiş olunan “Xəzər balladası” baletinin müvəffəqiyyəti isə xüsusilə qeyd olunmalıdır. O zaman təkcə SSRİ-də yox, Fransada da dərc olunan bir sıra nüfuzlu qəzetlər bu əsərin uğurlu taleyindən yazmışdı. Onun bu nailiyyətdən sonra həvəslənərək qələmə aldığı “Şərq poeması” və “Xeyir və Şər” baletlərinin də uğurlu səhnə həyatı olmuşdur.
Musiqinin ən mühüm janrlarından biri hesab edilən simfonik sahədə də bütün yaradıcılığı boyu yazıb-yaradan Tofiq Bakıxanovun simfoniyaları, simfonik muğamları, simfonik poemaları, uvertüraları, süitaları və s. Azərbaycan musiqisinin qiymətli əsərləri sırasına daxildir. Azərbaycan və eləcə də dünya musiqi tarixində unikal janr olan simfonik muğam janrına müraciət edən bəstəkar “Nəva”, “Humayun”, “Rahab”, “Şahnaz”, “Dügah” simfonik muğamları ilə musiqi xəzinəmizi zənginləşdirmişdir.
Kamera musiqisi bəstəkarın yaradıcılığının ən mühüm sahəsini təşkil edir desək, yanılmarıq. Təsadüfi deyil ki, Azərbaycan musiqisində kamera əsərləri haqqında danışdığımız zaman ilk yada düşən bəstəkarlardan biri məhz Tofiq Bakıxanov olur. Onun bu sahədə yazdığı çoxsaylı əsərləri ifaçılıq təcrübəsində və tədris repertuarında əhəmiyyətli yer tutur.
Tofiq Bakıxanovun yaradıcılığında Türkiyə və türk mövzusu xüsusi yer tutur. O, həm kamera, həm də simfonik orkestr üçün bəstələdiyi əsərlərində qardaş ölkəyə və türk xalqlarına olan məhəbbətini təcəssüm etdirmişdir. “Türk rapsodiyası”, “Kuzey-Kıbrıs süitası”, 6 nömrəli “Türk simfoniyası”, “Türk eskizləri”, “Şərqdən gələn sədalar” simfoniettaları, skripka ilə simli orkestr üçün 7 nömrəli “Türk konserti”, Mustafa Kamal Atatürkə həsr olunmuş “Dünya durduqca yaşa” və s. əsərlər bunun bariz nümunəsidir.
Bəstəkar doğma vətənimizə, onun gözəlliklərinə, tarixinə həsr olunmuş çoxsaylı kamera-vokal əsərlərin də müəllifidir. Onun “Azərbaycan bayrağı”, “Gözəlliklər məskəni”, “Vətən nəğməsi”, “Azərbaycan”, “Qobustan qayaları”, “Qarabağ”, “Azərbaycan gölləri”, “Nurlu Naxçıvan” və s. kimi mahnıları Vətən sevgisindən xəbər verir. Bəstəkarın müxtəlif mövzuları əhatə edən mahnı və romansları vaxtaşırı məcmuə şəklində çap olunmuş, məşhur müğənnilərin ifasında tez-tez televiziya və radioda səsləndirilmişdir. Onu da qeyd etmək yerinə düşər ki, Tofiq Bakıxanov ilk dəfə Abbasquluağa Bakıxanovun yaradıcılığına müraciət edərək romanslar yazmışdır.
Bəstəkarın əsərləri bir çox virtuoz ifaçılar tərəfindən ifa olunmuş, lentə yazılmış, radionun “qızıl fond”una daxil edilmişdir. Tez-tez efirlərdə səsləndirilən bu musiqilər öz təravətini itirməmiş, hər zaman dinləyicilərin marağına səbəb olmuşdur.
Bəstəkarlıqla yanaşı musiqi haqqında düşüncə və fikirlərini kitablarda da əks etdirən Tofiq müəllim musiqi tədqiqatçısı kimi dəyərli əsərlərin müəllifidir. “Məmməd Nəsirbəyov”, “Ərtoğrol Cavid-100” (bəstəkar Nazim Quliyevlə birlikdə), “Musiqili ömrüm”, “Tofiq Bakıxanov. Musiqi düşüncələri” (2 cilddə) və s. kitablar buna nümunədir.
Tofiq Bakıxanov təkcə görkəmli bəstəkar və ifaçı deyil, həm də yüksək insani keyfiyyətlərə malik gözəl pedaqoqdur. Uzun illər öz bilik və təcrübəsini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyası) və A.Zeynallı adına Musiqi Texnikumunda (Musiqi Kolleci) tələbələrlə bölüşən Tofiq Bakıxanov, səmimi və mehriban xarakteri, həssaslığı və məsuliyyəti ilə insanların sevgisini, dərin hörmətini qazanmışdır. Konservatoriyada uzun müddət dekan vəzifəsində də çalışmış Tofiq müəllim bir çox konsertlərin, tədbirlərin təşkil olunmasında da yaxından iştirak etmişdir. Hər zaman gənclərə yol açan, sənət yolunda onların maraqlarının müdafiəçisi olan Tofiq Bakıxanov kimliyindən asılı olmayaraq ondan kömək istəyən hər bir musiqiçinin əlindən tutmuş, yol göstərmişdir.
Tofiq Bakıxanov yaradıcılığı musiqişünaslar, tədqiqatçılar tərəfindən araşdırılmış, onun yaradıcılığının müxtəlif sahələri tədqiqatlara cəlb olunmuş, monoqrafiyalar, dissertasiya işləri, elmi məqalələr ərsəyə gəlmiş, haqqında televiziya filmi çəkilmişdir. Bəstəkarın yubileyləri Bakıda, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamları ilə yüksək səviyyədə qeyd olunmuşdur.
Bəstəkar 91 yaşını geridə qoysa da, yaradıcılıq enerjisi, yazıb-yaratmaq həvəsi, çalışmaq eşqi elə əvvəlkitək qaynayır. Biz də musiqi mədəniyyətimizin qocaman sənətkarı Tofiq Bakıxanova möhkəm cansağlığı və yeni əsərləri ilə sənətsevərləri sevindirməyi arzulayırıq.
Günay MƏMMƏDOVA
sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bəstəkarlar İttifaqının üzvü