AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Tarixi etnoqrafiya şöbəsinin əməkdaşları İsmayıl Umudlu və Bəhmən Əliyevin həmmüəllif olduqları “Şahnigar xanım Rəncur” kitabı işıq üzü görüb.
Müəlliflər kitabda şairin əsərlərinin bəzilərini yenidən toplayıb dəqiqləşdirib, onun yaxınlarına məxsus qəbir daşlarının üzərindən Şahnigar xanımın qələmindən çıxmış epitafiyaları, “maddeyi-tarix”lərini oxuyaraq oxuculara təqdim ediblər.
Bir neçə il əvvəl Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Qazax-Ağstafa etnoqrafik ekspedisiyasının üzvləri Qazax rayonunun Ağköynək kəndində XIX əsr sufi şairi Şahnigar xanım Rəncurun məzarının yerini tapıb, məzar daşının üzərindəki epiqrafik yazıları, epitafiyaları oxuyublar. Şahnigar xanımın qəbri hündür təpənin üstündəki məqbərə kompleksinin daxilində yerləşir, qəbrin üstündə “Bu məzar mərhum və bağışlanmış “Rəncur” təxəllüslü Şahnigar xanım Kazım ağa qızı Qiyasbəyovanındır” sözləri yazılıb. Məzar daşının üstündəki türk, ərəb, fars dillərində qarışıq epitafiyada deyilir: “İlahi, sən məni övliyalardan, ənbiyalardan ayırma. Sənin mərhəmətin ümman dəryasıdır. O dəryadan mənə bir qətrə versən bəsimdir”.
Qeyd edək ki, sovet dövründə baş verən qanlı hadisələr, repressiyalar, əlifba dəyişiklikləri nəticəsində nəsillər arasında əlaqələr qırıldığından sonrakı nəsillərə şairin qəbrinin harada olması məlum deyildi.
Şahnigar xanım Rəncurun yaradıcılığına Firidun bəy Köçərli, Hüseyn Əfəndi Qayıbov, Mirizadə Mustafa Fəxrəddin Ağabalı yüksək qiymət veriblər. Şahnigar xanım Rəncur çoxsaylı qəzəl, minacat, rübai, müxəmməs və müsəddəs, saqinamələr yazıb, lakin onun əsərlərinin az hissəsi ədəbiyyat aləminə məlumdur.
Kitabda qeyd olunur ki, XIX əsrin ikinci yarısında Qazax mahalında ənənəvi və yeni üsullu məktəblərdən başqa, evdə təhsilin yayılması qızların savadlanması baxımından mühüm əhəmiyyət daşıyıb.
Azərbaycan və Anadoluda nəqşibəndi təriqətinin öndəri olan Mirhəmzə Nigarinin tanınmış müridlərindən olan təsəvvüf şairi Şahnigar xanım Kazım ağa qızının yaşadığı dövrdə Qazax qəzasında mədəni mühit, XIX əsrin ikinci yarısında Qazaxda qadın şairlərin həyat və yaradıcılığı kitabda əksini tapır. Kitabda həmçinin XIX əsrin ikinci yarısında Azərbaycan və Anadolu arasında etnomədəni əlaqələr araşdırılır, bu əlaqələrdə Şahnigar xanımın rolu təhlil edilir.
Şahnigar xanım şeirlərini “xəstə, narahat, dərdli, rəncidə” mənasını verən “Rəncur” (Rəncuri) təxəllüsü ilə yazıb. O, doğma Azərbaycan dili ilə yanaşı, fars və ərəb dillərini də dərindən bilib.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Elmi şurasının qərarı ilə çap olunmuş kitabın elmi redaktoru professor Şirin Bünyadova, rəyçiləri dosent Əsəd Əliyev və tarix üzrə fəlsəfə doktoru Təranə Quluzadədir.