“Azərbaycan musiqi inciləri” kitabı nəşr olunub

 

Diaspora Dəstək Fondunun maliyyə yardımı ilə “Azərbaycan musiqi inciləri” – “Music Pearls of Azerbaijan” adlı musiqi (not) kitabı nəşr olunub.

Nəşrin məqsədi bəstəkarlarımızın musiqisini xaricdə tanıtmaq, onların əsərlərini digər ölkə ifaçılarının repertuarına daxil edərək təbliğinə nail olmaqdır. Not kitabında piano, nəfəsli alətlər və vokal ifa üçün nəzərdə tutulmuş əsərlər yer alıb.

Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Ələsgərov, Tofiq Quliyev, Vasif Adıgözəlov və Aqşın Əlizadə kimi bəstəkarların əsərlərinin toplandığı kitabda hər müəllif, eyni zamanda Azərbaycan musiqi mədəniyyəti və bəstəkarlıq məktəbi haqqında ingilis dilində məlumatlar verilib.

Layihənin rəhbəri Türkiyədə yaşayan həmvətənimiz, musiqiçi Vüqar Qurbanov, kitabın redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aybəniz Növrəsli, layihənin bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovdur.

“Azərbaycan musiqi inciləri” Azərbaycan Diasporuna Dəstək Fondunun vasitəçiliyi ilə dünyanın bir çox ölkələrində fəaliyyət göstərən musiqi təmayüllü təhsil müəssisələrinə və kitabxanalara hədiyyə ediləcək.