Yaponiya paytaxtının Qinza əyləncə mərkəzindəki “Swing Jaz Club”da təşkil olunan konsert zamanı müxtəlif xalqların caz musiqisi ilə yanaşı, Azərbaycan mahnı və rəqsləri də ifa edilib. Tanınmış caz ifaçısı, “Excellence Award” mükafatının qalibi xanım Kyoko Yamamotanın Azərbaycan dilində səsləndirdiyi “Sarı gəlin” və “Bana-bana gəl” mahnıları və soydaşımız Dilarə Qazıyeva-Sato tərəfindən nümayiş etdirilən milli rəqslərimiz sürəkli alqışlarla qarşılanıb.
Yapon tamaşaçılara Azərbaycan musiqisinin əsrarəngizliyi barədə məlumat verən K.Yamamota biznes əlaqələri qurmaq üçün ölkəmizə səfər edən zaman burada həm də çox zəngin musiqi ilə qarşılaşdığını bildirib. Qeyd edib ki, Azərbaycan musiqisi ritmlərin fərqliliyi, xüsusilə pop musiqisinin çox maraqlı olması ilə onun diqqətini cəlb edib. Qərara alıb ki, orijinallığı ilə seçilən Azərbaycan musiqi nümunələrini öz repertuarına daxil etsin. “Sarı gəlin” və “Bana-bana gəl” mahnılarının yapon tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayan K.Yamamota qeyd edib ki, bundan sonrakı fəaliyyətində də Azərbaycan musiqisi nümunələrinə geniş yer verəcək.
“Bu konsert Yaponiya Mədəniyyət Nazirliyinin “Gələcək üçün incəsənət” layihəsi çərçivəsində təşkil edilib və pandemiyaya baxmayaraq, maraqlı əyləncə üçün əlverişli fürsət idi. Repertuara Latın Amerikası və yapon mahnıları ilə yanaşı, Azərbaycan mahnıları da daxil edilməsi tamaşaçıların böyük marağına səbəb oldu. Çox sevinirəm ki, Yaponiya ilə Azərbaycan arasında uzun məsafənin olmasına baxmayaraq, sizin musiqiniz belə rəğbətlə qarşılanır. Yaxın gələcəkdə Azərbaycan musiqisinin yeni nümunələri üzərində işləməyi planlaşdırıram”, – deyə K.Yamamota bildirib.