“Nizami Gəncəvi İli”nə töhfə olan daha bir təqdimat Tacikistanda keçirilib. Tacikistan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkar Əmirbəy Musonun “Xosrov və Şirin” operasının nümayişi olub.

Azərbaycanın Tacikistandakı Səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə ölkənin rəsmiləri, mədəniyyət xadimləri, ictimaiyyət təmsilçiləri, diplomatik korpusun nümayəndələri, eləcə də Tacikistanda yaşayan soydaşlarımız iştirak ediblər.

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov Nizami Gəncəvinin yaradıcılığından, onun dünya və Şərq ədəbiyyatında yeri və rolundan söz açıb, əsərlərin hər zaman dünya şərqşünaslıq elminin diqqət mərkəzində olduğunu qeyd edib.

Rəsmi hissədən sonra “Xosrov və Şirin” operası göstərilib və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Tacikistan Bəstəkarlar İttifaqının sədri Əmirbəy Musonun 2019-cu ildə Nizami Gəncəvinin eyniadlı poeması əsasında yazdığı opera ilk dəfə tamaşaya qoyulub.