Başa çatan il Azərbaycan musiqi mədəniyyəti tarixində rəngarəng tədbirlər və maraqlı layihələrlə yaddaşlara yazıldı. Pandemiyanın qaçılmaz məhdudiyyətləri şəraitində də olsa, konsert salonları tamaşaçıların üzünə açıldı, festivallar, konsert proqramları sənətsevərlərin görüşünə gəldi...
Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa illərin həsrət dolu ayrılığından sonra “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Festival Prezident İlham Əliyevin çıxışı ilə başladı. Dövlət başçısı uzun fasilədən sonra Cıdır düzündə – hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalının keçirilməsi münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik etdi.
Heydər Əliyev Fondunun təşkil etdiyi, zəngin repertuar əsasında qurulmuş festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivləri çıxış etdilər, xalq və klassik musiqi nümunələrindən ibarət proqram təqdim olundu.
Bir il aradan sonra yenidən təşkil edilən Qəbələ Musiqi Festivalının proqramı da zəngin idi. Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Təhsil və Mədəniyyət nazirlikləri və Bakı Musiqi Akademiyasının dəstəyi ilə 31 iyul – 4 avqust tarixində gerçəkləşən XII Qəbələ Beynəlxalq Musiqi Festivalı 5 gün ərzində musiqisevərlərə unudulmaz anlar bəxş etdi. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olundu.
***
Sentyabrın 18-dən 24-dək gerçəkləşən Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı da yaddaşlarda silinməz iz qoydu. Builki festival şanlı Qələbə ruhlu, zəfər sevincli notlarla zəngin idi. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə gerçəkləşən festival bir çox əlamətdar hadisələrlə yadda qaldı. Musiqi bayramının ilk konserti 18 sentyabrda əzəli torpağımız, Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət paytaxtımız elan olunmuş azad Şuşada, Üzeyir bəyin yurdunda keçirildi. Festival həm də azad Şuşada ilk Milli Musiqi Gününün (Üzeyir Musiqi Günü) qeyd edilməsi ilə əlamətdar oldu.
***
Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə oktyabr ayından “Mədəni yenilənmə” layihə həyata keçirildi. 15-17 dekabr tarixində layihənin növbəti mərhələsində Azərbaycanın Xalq artisti, bəstəkar və pedaqoq, Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev, musiqişünas, sənətşünaslıq doktoru Rauf Fərhadov və pianoçu, pedaqoq Samir Mirzəyev ilə görüşlər keçirildi. Müasir musiqinin təbliği və inkişafı baxımından bu görüşlər səmərəli və faydalı mühazirələrlə yadda qaldı.
***
“Nizami Gəncəvi İli”ni musiqi layihələri də zənginləşdirdi. Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) müxtəlif layihələrlə “Nizami Gəncəvi İli”nə öz töhfəsini verdi, qəzəl-romans müsabiqəsi keçirdi. Müsabiqənin məqsədi Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” əsərləri ilə təməlini qoyduğu qəzəl-romans ənənəsinin davam və inkişaf etdirilməsi, Nizami yaradıcılığının müasir dövrdə vokal əsərlərdə musiqi və mətnlərin vəhdəti ilə ədəbi-bədii meyarlara cavab verən yeni qəzəl-romansların aşkar edilməsi idi.
Bundan əlavə, Mədəniyyət Nazirliyi və digər qurumların təşkilatçılığı ilə 15-26 noyabr tarixində Bakıda və Gəncədə gerçəkləşən Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində hər iki şəhərdə konsert proqramları reallaşdı.
***
Şanlı Qələbəmizin birinci ildönümü münasibətilə Heydər Əliyev Sarayında “Qarabağ Azərbaycandır!” adlı konsert keçirildi. Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu, Bəstəkarlar İttifaqı, Heydər Əliyev Sarayı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə baştutan musiqi axşamında bəstəkarlarımızın Qarabağ Zəfərinə həsr olunan 18 simfonik əsəri səsləndirildi.
***
10-18 sentyabrda Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan növbəti Bakı Caz Festivalı da bu musiqini sevənlər üçün bir bayram oldu. Pandemiya səbəbilə bir il aradan sonra keçirilən festival Azərbaycanın qəhrəman şəhidlərinin əziz xatirəsinə, eləcə də çətin zamanların ağırlığı altında əyilməyən caz musiqisinin ruhuna həsr olunmuşdu.
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 26 oktyabr – 6 noyabr tarixində gerçəkləşən “Caz səsləri” (“Jazzery Voices”) silsilə tədbirləri isə həm Zəfərimizin ildönümünə, həm də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illik yubileyinə həsr olunmuşdu.
***
Bundan əlavə, il ərzində tanınmış incəsənət ustalarımızın bir sıra ölkələrdə yaddaqalan konsertləri keçirildi. İstedadlı uşaq və gənclərimiz müxtəlif festival və müsabiqələrdə iştirak edərək uğur qazandılar. Həmçinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri olan sənətkarların yubileyləri münasibətilə tədbir, konsert, müsabiqə və festivallar keçirildi.
Bəli, 2021-ci ildə ölkəmizin musiqi, sənət mühitinə Qələbə ruhlu notlar hakim idi. İnanırıq bu yüksək sənət ruhu və yaradıcılıq şövqü növbəti ilin musiqi həyatında da davam edəcək...
L.Azəri