Şahmar Əkbərzadənin 80 illiyi münasibətilə

 

Doğru deyiblər ki, həyat qəribəliklər, gözlənilməz hadisələrlə doludur. Bir mahnının sözlərində olduğu kimi – “Ey həyat, sən nə qəribəsən...”. Yaşadığımız ömür yolunda nələrin baş verəcəyini kimsə proqnozlaşdıra bilməz.

Hələ məktəbli vaxtlarımda atam mütaliəyə marağımızı artırmaq üçün hər dəfə yay tətilində abunə yazıldığı qəzet və jurnalları bizə oxutdurar, özü də bizi dinləyərdi. Qəzet və jurnalları oxuyan zaman rastıma çıxan publisistik yazıları, vətənpərvər və düşündürücü şeirlərilə Şahmar Əkbərzadə imzası məni çox duyğulandırırdı. Sonralar onun yaradıcılığının sorağına düşdüm, “Ona yanıram ki...”, “Yollar”, “48 ölçülü qadın paltarı”, “Utanım yerinə”, “Laçın dağlarına məktub”, “Nağara”, “Mərkəzi poçtxana” kimi çox səmimi və vətənpərvər şeirlərini oxudum. Bu şeirlər içərisində ən çox da “48 ölçülü qadın paltarı” mənə çox təsir etmişdi:

Geyimlər görəndə, ana, hər dönə
48 ölçüdə qalar gözlərim.
Cibim pullarımın qəbrinə dönər,
Titrəyər dizlərim, dolar gözlərim.

48 ölçüdə paltar geyərdin.
Kəsər şaxta məni, döyər qar məni.
48 ölçüyə çevrilib dərdin
Vitrindən boylanıb yandırar məni...

...Geyimlər-keçimlər gəlməz eyninə,
Biganə qalmısan, ana, hər şeyə.
Vətən torpağını geyib əyninə
Çoxdan qovuşmusan ölçüsüzlüyə.

Bu şeirdə şair qəlbinin ana müqəddəsliyinə, ana ucalığına ehtiramı ilə yanaşı, ana itkisindən doğan ağır nisgilin də yüksək poetik ifadəsi oxucunu düşüncələrə qərq edir.

Şahmar Əkbərzadə hər gün şütüdüyümüz yollara da tam başqa məna, məzmun verir. “Yollar” şeirində yazır:

Ayaqla torpağın öpüşməsindən
Doğulub böyüyür yollar həyatda.
Tapdana-tapdana min illər boyu,
Ömür qazanıbdır ayaqlar altda.

Gəlimli-gedimli yol nəsillərin,
Ölməz abidəsi, əmanətidir.
Tapdanmaq – insanın şərəfsizliyi,
Tapdanmaq – yolların ləyaqətidir.

İnsan qədəminə tamarzı qalmaq,
Yolların bağrına çəkilən dağdır.
Dünyada ayaqlar altda yaşamaq,
Bircə yollar üçün alçalmamaqdır.

O vaxt bu şeirləri oxuyanda Şahmar müəllimi şəxsən görmək istəyirdim. Heç ağlıma da gəlməzdi ki, vaxt gələcək, mən “And” qəzetində işlədiyim müddətdə “Mədəniyyət” qəzetinin redaktor müavini, yazıçı, filosof Firuz Mustafa vasitəsilə Şahmar Əkbərzadə ilə yaxından tanış olacağam. Hətta yaradıcısı və ilk baş redaktoru olduğu bu qəzetdə onunla birgə çalışmaq, mənən zənginləşmək xoşbəxtliyi mənə də qismət olacaq...

“And” qəzetində çalışarkən kitab tərtibatı, dizaynı ilə də məşğul olurdum. Bir gün Firuz müəllim dedi ki, səni “Mədəniyyət” qəzetinin baş redaktoru, şair-publisist Şahmar Əkbərzadə ilə tanış etmək istəyirəm. Onun da əsərlərinin yığılıb çap olunmasına köməyin dəyər. Şahmar müəllimin adını və onunla tanış olacağımı eşidəndə məktəb illərindəki arzumun gerçəkləşəcəyinə çox sevindim.

Beləliklə, biz Şahmar müəllimlə tanış olub əməkdaşlığa başladıq. Onun necə səmimi, ətrafındakılara necə dəyər verən insan olduğunun bir daha şahidi oldum. O, bəzən şeirlərini oxuyaraq “nənə (özünə doğma bildiklərinə belə müraciət edərdi), gör bu şeir necədir, xoşuna gəlirmi” deyə soruşardı. Bu, onun qəlbinin böyüklüyündən, mənəvi zənginliyindən irəli gəlirdi. Özünün dilindən səsləndirdiyi şeirləri dinləmək isə adamın ruhunu oxşayırdı. Bir müddət sonra Şahmar müəllimin “nənə, işin mənim xoşuma gəlir, səni qəzetimizə işə götürəcəm” deməsi məni çox sevindirdi.

Təəssüflər olsun ki, şeirlərində də qeyd etdiyi kimi, torpaq həsrəti ona çox pis təsir edirdi. Qərib Təbrizi ürəyinə dərd edən şairin Qarabağsızlığa – Vətən torpaqlarının düşmən tapdağı altında qalmağına, Qarabağsız qarabağlı olmağa ürəyi heç dözmədi. 2000-ci ilin avqustunda Şahmar müəllim dünyasını dəyişdi... Onun qəfil vəfatı ailəsi, yaxınları, bir sözlə, onu tanıyan, nəcib insanlığını bilən və yaradıcılığını sevən hər kəs kimi məni də çox sarsıtdı...

2001-ci ildə “Mədəniyyət” qəzetində işə başladım. O vaxtdan 20 il keçir. Çox hadisələr baş verdi. Qəzetimiz bu gün də Şahmar müəllimin qoyub getdiyi ənənəyə sadiq fəaliyyətini davam etdirir...

2001-ci ildə “Vektor” Beynəlxalq Elmlər Akademiyası tərəfindən Şahmar Əkbərzadə adına beynəlxalq ədəbiyyat mükafatı təsis edildi. 2014-cü ildə “Şahmar Ədəbi Məclisi” təsis olundu. Və ən əsası, Şahmar müəllimin məzar daşında daşlaşmış, çox sevdiyi və artıq Zəfərimizin simvolu olan xarıbülbül Ali Baş Komandanın əmri və Ordumuzun igidliyi sayəsində yenidən cücərdi – “Xarıbülbül” musiqi festivalı yenidən böyük coşqu ilə azad Şuşada gerçəkləşdi, yağı düşmənin bağrını yardı. Mən ona yanıram ki, bütün bunları görmək vətənsevər şairimizə qismət olmadı...

Təəssüflər olsun ki, Şahmar müəllim, bu il sizsiz iki yubileyi keçiririk – ilin ilk ayında sizə əziz olan “Mədəniyyət”in 30 illiyini və ilin son ayının son gününə 3 gün qalmış 80 illik yubileyinizi... Kaş bu yubileyləri sizinlə və “Mədəniyyət” qəzetinin kollektivi ilə birgə Qarabağda – mədəniyyətimizin paytaxtı Şuşada keçirərdik... Təsəllini isə onda tapıram ki, Vətənin bütövlüyü ilə yəqin sizin ruhunuz da rahatlıq tapıb. Ruhunuz şad olsun, əziz və böyük İnsan...

Səbinə Əlibalaqızı