Dövlət Səs Yazıları Arxivi sənədli videoxülasə hazırlayıb

 

Ötən il dövlət arxivlərində dahi şair Nizami Gəncəvinin irsi ilə bağlı sənədlərin seçilməsi və ictimaiyyətə çatdırılması istiqamətində müvafiq işlər görülüb.

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanmış “Nizami Gəncəvi – 880” adlı sənədli videoxülasə də bu qəbildəndir. Arxivdəki fono və videosənədlər əsasında hazırlanan videoxülasədə Nizami Gəncəviyə həsr olunmuş elmi, mədəni-kütləvi tədbirlərə, görkəmli elm və mədəniyyət xadimlərinin Nizami yaradıcılığı barədə söylədikləri fikirlərə yer verilib.

Nizami Gəncəvinin 800, 840 illik yubileylərinin keçirilməsi, Bakıda şairin heykəlinin ucaldılması və digər mövzular haqqında olan sənədlərin bəziləri ilk dəfə geniş ictimaiyyətə təqdim edilir.

Xronoloji ardıcıllıqla verilən sənədlər haqqında məlumat başlıqlarla açıqlanıb. Videoxülasə Milli Arxiv İdarəsinin rəsmi “Youtube” səhifəsinə yerləşdirilib.