Naxçıvan şəhərindəki Heydər Əliyev adına Sarayda Dünya  Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Dövlət Filarmoniyası musiqi kollektivlərinin konserti keçirilib.

Musiqi kollektivləri muxtar respublikanın Əməkdar artisti Səməd Əsgərov, Cahangir Qurbanov, Elvin Əliyarovun dirijorluğu ilə çıxış edib. Simfonik orkestr, xalq çalğı alətləri orkestri, xor kollektivləri, estrada orkestri, Ərtoğrol Cavid adına Uşaq musiqi və bədii sənətkarlıq məktəbinin xor kollektivinin çıxış etdiyi konsert proqramına Azərbaycan bəstəkarlarının əsərləri, aşıq musiqisi, xalq mahnı və rəqsləri daxil edilib.

Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə açılan bayram konsertində Habil Qasımov Xalq artisti Hacıbaba Hüseynovun repertuarından “Durnam” mahnısını, Ruhiyyə Hüseynova “O yollar” əsərini (bəstəkar Vasif Allahverdiyev) səsləndiriblər. Bəhruz Quliyev “Həsrətindəyəm” (Şəfiqə Axundova), Cəfər Tağıyev “Mənim dünyam” (Ələkbər Tağıyev), Nərmin Hüseynova “Kaş ki, gözəl olmayaydım” (Hökümə Nəcəfova), Xalq artisti Əzizağa Məmmədov “Naxçıvan” (Vahid Axundov) mahnılarını ifa ediblər.

Musiqisevərlərə xoş anlar bəxş edən gecədə ansambl və rəqs kollektivinin ifasında görkəmli bəstəkar Tofiq Quliyevin “Qaytağı” rəqsi, Ə.Cavid adına Uşaq musiqi və bədii sənətkarlıq məktəbi xor kollektivinin ifasında bəstəkar Teymur Cəbrayılovun “El oğlu” əsəri, xor və simfonik orkestrin (dirijor Elvin Əliyarov) ifasında bu sətirlərin müəllifinin “Heydər Əliyev haqqında oda” əsəri də təqdim edilib.

Azərbaycanın mədəniyyət salnaməsində Naxçıvanın mədəni irsi, incəsənəti, yaradıcı şəxsiyyətləri xüsusi yer tutur. Ulu öndər Heydər Əliyev demişdir: “Bir azərbaycanlı, Azərbaycan Prezidenti kimi fəxr edirəm ki, Azərbaycan xalqı belə zəngin mədəniyyətə, zəngin incəsənətə, peşəkar musiqiyə malikdir. Azərbaycanda peşəkar musiqinin əsasını böyük Üzeyir Hacıbəyov qoyubdur. Onun məktəbi, tələbələri, silahdaşları XX əsrdə Azərbaycanda çox yüksək musiqi mədəniyyəti yaradıblar. Biz bununla fəxr edirik”.

Sözügedən konsertdə ənənələrin gələcək nəslə ötürülməsi tendensiyası diqqət çəkir. Bu, proqram tərtibatında – folklor musiqisinə (xalq mahnı və rəqs), ənənəvi musiqi qollarına (muğam, aşıq musiqisi), eyni zamanda bəstəkar əsərlərinə müraciətdə özünü büruzə verib. Konsert proqramına ənənə prizmasından yanaşarkən onu da qeyd etməliyik ki, Naxçıvanda zəngin tarixi olan aşıq sənəti inkişaf zirvəsinə XVIII əsrdə Ağ Aşığın (1754-cü ildə Şərur mahalından olan Allahverdi Qara Osmanoğlu) yaradıcılığı ilə çatıb. Bu gün Naxçıvan aşıqları sənətin ənənələrini davam etdirməklə yanaşı, onu simfonik orkestrin müşayiəti ilə təqdim edə bilirlər. İlk dəfə olaraq bu konsertdə Cahangir Qurbanovun dirijorluq etdiyi simfonik orkestrin müşayiəti ilə Tural Bağırov “Şirvan müxəmməsi” adlı aşıq havasını səsləndirib. Ənənələrə sadiqlik folklor musiqisi sahəsindən də yan keçmir. Gecədə xalq rəqslərindən olan “İnnabı” proqram çərçivəsində çox gözəl səhnə dekorasiyaları və diqqəti cəlb edən milli geyimlərlə yadda qalıb. Emin Sabitoğlunun “Güllər” adlı vals timsallı əsəri müğənni Gülyanaq Fərzəliyeva tərəfindən rəqs qrupunun fonunda ifa edilib.

Konsert proqramında təqdim olunan bütün ifalar alqışlarla qarşılanıb.

Kəmaləxanım Əsədullayeva
sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bəstəkarlar İttifaqının üzvü