Musiqi albomu hazırlanıb

 

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə “Balaban – sirli musiqi irsi” (“Balaban – Mysterious Musical Heritage”) adlı musiqi albomu hazırlanıb.

Fonddan bildirilib ki, əsas məqsədi Azərbaycan musiqi mədəniyyətinin, xalq və bəstəkar mahnılarının, musiqi sənətimizdə məxsusi yeri olan balabanın tanıdılması və mədəni irsimizin təbliği məqsədilə həyata keçirilən layihənin hazırlıq işləri İstanbulda və Bakıda aparılıb.

Layihənin rəhbəri Türkiyədə yaşayan istedadlı balaban ifaçısı Ələfsər Rəhimov, musiqişünas, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova, musiqi redaktoru Hilal Bəyazid, prodüseri sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov, dizayneri Kamran Nəcəfovdur.

Diskdə toplanan ifalarda Ələfsər Rəhimovu istedadlı musiqiçilər – Əməkdar artist Şəhriyar İmanov, Etibar Əsədli, Murat Süngü, Elçin Hətəmli, Dəniz Tuncer, Ozan Sarıboğa və başqaları müşayiət edib.

Musiqi albomunda Azərbaycan xalq mahnıları, həmçinin Rauf Hacıyev, Polad Bülbüloğlu, Tofiq Quliyev, Cahangir Cahangirov və başqa görkəmli bəstəkarlarımızla yanaşı, xarici bəstəkarların da əsərləri yer alıb. Həmçinin milli musiqi alətimiz balaban və diskdə yer alan ifalar haqqında ingilis dilində məlumatlar verilib.

Disk ölkəmizdən kənarda həyata keçirilən tədbirlərdə əcnəbi qonaqlara təqdim olunacaq.