10 yanvar həzin melodiyalar müəllifi Elza İbrahimovanın doğum günüdür

 

Yazdığı mahnılarla insanların qəlbində əbədi məskən salmaq, könüllərə, ruhlara mənəvi qida vermək hər bəstəkara nəsib olan xoşbəxtlik deyil. Yanvarın 10-da anadan olmasının 84-cü ili tamam olan Xalq artisti Elza İbrahimova (1938–2012) bu xoşbəxtliyi qazanmış sənətkarlardandır.

Duyğumuza hakim kəsilən “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər bu kimi əvəzsiz bəstələr Elza İbrahimovanı unutdurmağa qoymur. O, fitri istedadı və böyük zəhməti sayəsində Azərbaycan bəstəkarlıq məktəbində yeni yol açmaqla, ifaçıların rəğbətini, müxtəlif zövqlü dinləyicilərin məhəbbətini qazanıb.

Görkəmli bəstəkarın əlli ildən artıq dövrü əhatə edən zəngin yaradıcılığı mahnıdan operayadək musiqinin müxtəlif janrlarını əhatə edir. Onların arasında fortepiano üçün prelüd və variasiya silsilələri, “Fortepiano üçün sonatina”, “Skripka və fortepiano üçün skertso”, “İki skripka üçün birhissəli kvartet”, dörd hissədən ibarət “Fortepiano üçün trio”, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara musiqiləri xüsusi yer tutur. “Afət” (Hüseyn Cavidin eyniadlı əsəri əsasında), Qarabağ faciəsini əks etdirən muğam üzərində yazılmış “Yanan laylalar” (librettonun müəllifi Ramiz Heydər) operaları, Azərbaycan neft sənayesinin 130 illiyinə həsr olunmuş “Neftçilər himni” bəstəkarın zəngin təxəyyülünü bir daha təsdiqləyir. Bəstəkarın Milli Qəhrəmanlar Təbriz Xəlilbəyliyə, Salatın Əsgərovaya həsr etdiyi rekviyemləri, “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər” əsərləri isə dinləyici yaralarına bir məlhəmdir.

Şübhəsiz, Elza İbrahimovanın musiqi dünyasında mahnı janrı xüsusi yer tutur. Onun ilk mahnısı olan “Yalan ha deyil” (sözləri Məmməd Rahimin) 1969-cu ildə Şövkət Ələkbərova tərəfindən ifa edilib. Bu, bəstəkarın musiqi yazıldıqdan sonra ona uyğun şeir seçdiyi yeganə əsəridir.

Musiqi mədəniyyətimizdə geniş yayılmış mahnı janrı Elza İbrahimova yaradıcılığında yeni keyfiyyətlər qazanıb. Müəllifin yaradıcılığına xas olan sərbəstlik, novatorluq kimi cəhətlər onun bəstələrində də əksini tapıb. Təsadüfi deyil ki, Azərbaycan estradasına tanqo ritmini gətirən ilk bəstəkarlardan biri Elza İbrahimova olub.

Elza İbrahimovanın mahnıları ən ülvi hisslərin – vətənpərvərlik, insanlara məhəbbət, sevgi duyğularının özünəməxsus ifadə tərzi ilə seçilir. Bəstəkarın milli intonasiyanın və ritmlərin estrada janrında ifadə etdiyi mahnıları emosionallığı və melodikliyi ilə dinləyicini düşünməyə, sözün geniş mənasında sevməyə sövq edir. Azərbaycan şairlərinin əsərlərinə 100-dən çox mahnı bəstələmiş Elza İbrahimovanın hər bir əsəri dinləyicini fərqli duyğular aləminə aparır. Bütün bu keyfiyyətlər Elza İbrahimovanın əsərlərinə ölməzlik qazandırıb. Təsadüfi deyildir ki, Xalq şairi Bəxtiyar Vahabzadə vaxtilə Elza İbrahimovanın yaradıcılığını “mahnı janrında lövhə ustası” kimi xarakterizə edib.

Elza İbrahimovanın Vətən sevgisini, elə-obaya bağlılığını, təbiətə vurğunluğunu tərənnüm edən “Ey Vətən” mahnısı bu səmimi hissləri həm də dinləyicidə aşılayır. Ölməz sənətkarımız Rəşid Behbudovun ifasında bu əsər Azərbaycanı dünyada tərənnüm edən mahnılardan biri olub.

Elza İbrahimovanın həzin melodiyaları səslənəndə insan sanki ayılır, əsl sənətin heç zaman ölməyəcəyi qənaətinə gəlir. Onun əsərləri əbədi yaşayacaq, sehrli musiqisi hələ neçə-neçə nəsilləri heyran edəcək...