Ötən il Nizami Gəncəvinin yaradıcılıq irsinin təbliğində göstərdikləri xidmətlərə görə bir qrup elm, ədəbiyyat, incəsənət xadimi Mədəniyyət Nazirliyinin dahi şair və mütəfəkkirin 880 illiyi münasibətilə təsis etdiyi xatirə döş nişanı ilə təltif edildi. Dekabrın son iş günündə Milli Kitabxanada keçirilən mərasimdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev tərəfindən yubiley nişanı təqdim edilənlər arasında Əməkdar artist, respublikamızın ilk və yeganə kontratenor səs tembrinə malik opera müğənnisi, Prezident təqaüdçüsü, Akademik Opera və Balet Teatrının solisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov da var.
Tanınmış vokalçının bu mükafata layiq görülməsi təsadüfi deyildi. “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan çoxsaylı tədbirlərlə yanaşı, İ.Nəzərovun musiqi rəhbəri, musiqi redaktoru olduğu, eləcə müğənni kimi iştirak etdiyi bir sıra layihə və konsertlər də gerçəkləşdi. İlk növbədə müğənninin musiqi redaktoru olduğu Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə hazırlanmış “Eternity” (“Əbədilik”) adlı musiqi albomunu qeyd etmək istərdim. Musiqi ictimaiyyəti tərəfindən maraqla qarşılanan albomda böyük şairimizin qəzəllərinə Ü.Hacıbəyli, Ə.Bədəlbəyli, A.Rzayeva, T.Quliyev, C.Cahangirov, F.Əmirov, S.İbrahimova, G.Abdullazadə, C.Allahverdiyev, D.Əliyevanın yazdığı 10-dan çox romansı Xalq və Əməkdar artistlər səsləndiriblər.
15 noyabrda Beynəlxalq Muğam Mərkəzində keçirilən və İ.Nəzərovun musiqi rəhbəri olduğu konsertdə Xalq artistləri Samir Cəfərov, Gülnaz İsmayılova, eləcə də sənətçinin özü də iştirak edərək operalardan ariya və arioza, romanslar ifa etdilər. İ.Nəzərovun Ü.Hacıbəylinin “Sənsiz”, Ə.Bədəlbəylinin “Nizami” operasından ariya və arioza, Ə.Hüseynzadənin “Vəslin həvəsi” romansının ilk dəfə olaraq kontratenor səs tembri ilə ifa etməsi dinləyicilər tərəfindən böyük maraqla qarşılandı.
Əməkdar artistin pedaqoji fəaliyyətində “Nizami Gəncəvi İli” öz əksini tapıb. İfaçı şagird və tələbələrindən ibarət konsert proqramları təşkil edərək dahi şairin yubileyinə həsr olunan silsilə tədbirlərə öz töhfəsini verib.
Sənətçini fərqləndirən məqamlardan biri də onun yaradıcılığının çoxşaxəli olmasıdır. Vokalçı opera səhnə yaradıcılığı, konsert salonlarında çıxışları, pedaqoji fəaliyyəti ilə yanaşı, elmi yaradıcılıqla da məşğul olur. O, bir neçə il idi SSRİ Xalq artisti, dünya şöhrətli müğənni, bəstəkar Müslüm Maqomayevin həyat və yaradıcılığı haqqında elmi tədqiqat aparırdı. O, 2021-ci ildə müəllifi olduğu dissertasiyanı uğurla müdafiə edərək Ali Attestasiya Komissiyasının 24 dekabr tarixi qərarı ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Bu səbəbdən yola saldığımız il İ.Nəzərovun yaradıcılığında xüsusilə müvəffəqiyyətli il olub. Müğənniyə sənət yolunda, eləcə də mədəniyyətimizin təbliğində göstərdiyi xidmətlərində yeni uğurlar arzulayırıq.
Ayla Kərimova-Zəkəriyyə
musiqişünas