Qəlbində Vətən eşqindən sönməz ocaq qalayan, yurdumuzu bütöv görməyi arzulayan və bu amal uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Sənan Əhmədovdur.
Sənan Qalasan oğlu Əhmədov 1988-ci il fevralın 15-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub. 9 illik orta təhsili rayonun Ovçulu kənd məktəbində alıb, sonra Bağırlı kənd şəhid F.Şıxalıyev adına tam orta məktəbdə 11-ci sinfi bitirib.
Sənan 2006–2007-ci illərdə hərbi xidmətdə olur. Əsgərliyini başa vurduqdan sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) kurs keçərək N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq tank taqımında sürücü-mexanik kimi xidmətə başlayır. 2015-ci ildə müqavilə müddətinin başa çatması ilə əlaqədar ordu sıralarından ehtiyata buraxılır. Lakin Sənanın Vətənə olan sonsuz sevgisi onu yenidən şanlı formanı geyinməsinə sövq edir. O, yenidən tankçı olaraq hərbi xidmətini davam etdirir.
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan Sənan Əhmədov Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Alxanlı, Mahmudlu, Qaraxanbəyli istiqamətlərində gedən döyüşlərdə düşmənin onlarla hərbi texnikasının məhv edilməsində və yararlı vəziyyətdə ələ keçirilib qənimət kimi mövqeyimizə gətirilməsində böyük şücaət göstərir. Oktyabrın 11-də Füzulinin Qaraxanbəyli kəndi ərazisində ağır döyüşdə düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində şəhid olur.
Döyüş yoldaşı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, qazi Şərif Şərifov Sənan haqqında xatirələrində deyir: “Sənan cəsur olmaqla yanaşı, işinin peşəkarı idi. Döyüş texnikalarımızda nasazlıq olanda özü düzəldib qaydasına salırdı. Onun dostluğuna da söz ola bilməzdi. Öz yoldaşlarına görə düşünmədən canını təhlükəyə atardı. Döyüşün ilk günündə düşmən bizim tankı vurmuşdu. 6 nəfərlik heyətimiz və 2 tankla mühasirədə qalmışdıq. Sənan və digər bir döyüş yoldaşımız Anar Hüseynov gəlib bizi mühasirədən çıxararaq ölümdən xilas etdilər. Bəzən döyüşarası qısa söhbət etmək imkanımız olurdu. Deyirdi ürəyimdə bir hiss var ki, şəhid olacağam. Son döyüşə girməzdən öncə Sənan öz çantasını mənə verdi. Çantasında övladlarının şəkilləri və kartı var idi. Söylədi ki, gedirəm, ola bilsin qayıtmadım. Bunlar məndən sənə yadigar qalar. Elə həmin gün vurulmuş hərbi texnikaları götürməyə yollandı. Onunla gedən döyüş yoldaşının tək gəldiyini görüb Sənanı xəbər aldım. Onun səssizliyi və dolmuş gözləri mənə hər şeyi aydın etdi...”.
Vətən müharibəsi qazisi, mayor Mirzə Mehdiyev bildirir ki, Sənan peşəkar tankçı olmaqla yanaşı, həm də yaxşı dost idi: “Boş vaxt tapanda oturub dərdləşərdik. Müharibə başlayanda bütün hərbçilər çox sevincli idi. Yəni o inam var idi ki, torpaqlarımızı işğaldan azad edəcəyik. Ancaq hamımızdan çox Sənan sevinirdi. Elə bil şəhid olacağını hiss edirdi. O, istəyinə çatdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin...”.
Sənanın ən böyük arzusu Qarabağın döyünən ürəyi Şuşanın düşmən işğalından azad olunduğu günü görmək idi. Əfsus ki, o, Şuşamızı, düşmən üzərində qazandığımız parlaq Qələbəni görə bilmədi. Sənan Əhmədov oktyabrın 12-də Şamaxı Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.
Əhmədovlar ailəsində hərb sahəsini seçən təkcə Sənan olmayıb, qardaşı mayor Kəyan Əhmədov da Vətən müharibəsinin qazisidir. Döyüşlərdə göstərdiyi şücaətə görə ölkə başçısı tərəfindən Füzulinin, Cəbrayıl və Xocavəndin azad olunmasına görə, həmçinin “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif olunub.
2013-cü ildə ailə həyatı quran Sənan Əhmədovun İbrahim, Həmid və Nuray adlı övladları Vətənə yadigar qalıb.
Allah rəhmət eləsin.
Nurəddin