Nabran Azərbaycanın turizm mərkəzlərindən birinə çevrilib
   
   İyunun 4-5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Skal İnternational” beynəlxalq turizm təşkilatının Bakı klubunun və “Millennium” turizm şirkətinin təşkilatçılığı ilə Nabranda yerləşən “Palma“istirahət mərkəzinə infotur keçirildi. 
   Turizm şirkətlərinin əməkdaşları və KİV nümayəndələrindən ibarət 120 nəfərlik heyətin iştirakı ilə gerçəkləşən səfər “Palma” istirahət mərkəzinin 10 illik yubileyi münasibəti ilə təşkil edilmişdi. Tədbirin məqsədi adıçəkilən mərkəzin xidmətləri və ümumilikdə Xaçmaz rayonunun Nabran bölgəsinin turizm potensialı ilə tanışlıq idi.
   
   Qədim Şabran turistlər üçün cəlbedici məkana çevrilə bilər
   
   İyunun 4-də Bakıdan Xaçmaza yola düşən infotur iştirakçıları yolüstü Şabran rayonu ərazisində qədim Şabran şəhərinin qalıqları ilə tanış oldular. Bələdçi Oqtay Rzayev tarixi məkan haqqında məlumat verərək bildirdi ki, tarixi İpək Yolunun üzərində yerləşən qədim Şabranın əsası eramızın IV əsrində qoyulub. Şəhər müxtəlif hərbi yürüş və müharibələr zamanı üç dəfə dağıdılıb. Ərazidə aparılmış ilkin qazıntı işləri qədim şəhərin qalıqlarını üzə çıxarıb. Lakin ərazinin turistlər üçün cəlbedici məkana çevrilməsi üçün burada ciddi bərpa işlərinə ehtiyac var.
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılıq paytaxtları” layihəsinə əsasən, Şabran şəhəri 2011-ci ildə Azərbaycanın «Əfsanələr paytaxtı» elan edilib.
   
   «Palma» müştərilərinə çoxlu yeniliklər vəd edir
   
   İnfotur iştirakçıları “Palma” istirahət mərkəzinə çatanda artıq günorta idi. 8 hektar ərazini əhatə edən “Palma” istirahət mərkəzi kottec tipli turizm müəssisəsidir. Mərkəz müştərilərə gecələmək üçün normal şəraitlə təmin olunmuş 45 kottec təklif edir. İcraçı direktor Qəndalı Məmmədov bildirdi ki, istirahət mərkəzi 2001-ci ildən fəaliyyət göstərir: “Bu il fəaliyyətimizin 10 ili tamam olur. Ötən müddətdə ölkəmizdə turizmin inkişafına öz töhfəmizi verməyə çalışmışıq. 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunmasını, bütün turizm sahəsində çalışanlar kimi, biz də rəğbətlə qarşılamışıq. Mərkəzimiz ildən-ilə daha çeşidli xidmətlər təklif edir. Hazırda 105 nömrəmiz var, bir gündə 287 nəfər turisti yerləşdirmək imkanındayıq. Mərkəzdə bir neçə restoran fəaliyyət göstərir, bundan əlavə, böyüklər üçün iki, uşaqlar üçün isə bir hovuzumuz var. Ərazidə müxtəlif əyləncə vasitələri, diskoteka turistlərin xidmətindədir».
   Mərkəz rəhbəri bildirdi ki, ötən ilə nisbətən bu il qiymətlərdə 20 faiz endirim ediblər. İndi müştərilər bir gün ərzində 3 dəfə yemək, gecələmək və bütün xidmətlərdən istifadə etmək imkanı olan paketi 45 manata əldə edə bilərlər. İcraçı direktor onu da qeyd etdi ki, “Palma”da qiymətlər il ərzində iki dəfə dəyişir. İyunun 1-dən sentyabrın 15-dək bir qiymət, sentyabrın 15-dən qış və yaz aylarında isə 50 faiz aşağı qiymət tətbiq olunur. Mövsüm günlərinin sayı isə Azərbaycanın digər regionlarında olduğu kimi, 45-50 gündür.
   Q.Məmmədov turizm şirkətləri ilə sıx əməkdaşlıq etdiklərini də dedi: «İstirahət mərkəzləri, hotellər turizm şirkətlərinin köməyi olmadan öz məhsullarını sata bilməzlər. Ona görə də biz turizm şirkətləri ilə yaxından əməkdaşlıq edirik. Bakıda səlahiyyətli nümayəndəmiz “Millennium” turizm şirkətidir. Turizm şirkətlərinə qiymətlərdə 15 faiz güzəşt edirik».
   Mövsümə hazırlıq işlərini yekunlaşdıran mərkəzin restoranı genişlənib, tutumu 150 nəfərdən 300 nəfərə çatdırılıb. “Palma” bu il müştərilərə bir sıra yeniliklər də təqdim edəcək. Onlardan biri bütün kotteclərdə pulsuz internet sistemi quraşdırılmasıdır”.
   
   İldə Xaçmaz rayonuna 300 minə yaxın turist gəlir
   
   İyunun 4-də «Palma» istirahət mərkəzinin konfrans zalında mərkəzin 10 illik yubileyinə həsr olunmuş geniş toplantı keçirildi. Tədbiri açan «Skal Bakı»nın prezidenti Ruslan Quliyev bildirdi ki, infoturun məqsədi «Palma» istirahət mərkəzi ilə turizm şirkətlərinin əməkdaşlığını daha da genişləndirməkdir: “Artıq yay turizm mövsümü açılmaq üzrədir. Ona görə də müqavilə öhdəliklərində və qiymətlərdə sabit rejimi saxlamaq, eyni zamanda müəyyən endirimlərə nail olmaq, Nabran bölgəsinə çoxsaylı turistləri cəlb etmək niyyətindəyik. Bu baxımdan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılan bu infoturu yüksək qiymətləndiririk».
   Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Akif Mərdanov çıxış edərək bölgənin geniş turizm potensialı olduğunu vurğuladı. Onun sözlərinə görə, il ərzində Xaçmaz rayonuna 300 min nəfərə yaxın turist gəlir: «Ona görə də belə tədbirlərin təşkili təqdirəlayiqdir. Çünki bu həm Nabran bölgəsinə diqqəti cəlb edir, həm də turistlərə keyfiyyətli xidmətin göstərilməsinə zəmin yaradır».
   Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov «Palma» istirahət mərkəzini nümunəvi turizm obyektlərindən biri adlandırdı. Prorektor bildirdi ki, bu il ATİ-nin 2 nəfər tələbəsi burada 22 həftəlik təcrübə keçir.
   Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov «Palma» istirahət mərkəzinin yerli və xarici turistlərə yüksək xidmət göstərdiyini dedi və bu məkanın layiqli tanıdılmasının vacibliyini bildirdi.
   Tədbirdə o da qeyd edildi ki, «Palma» istirahət mərkəzində xidmətin keyfiyyətinin yaxşılaşdırılması və mövcud nöqsanların aradan qaldırılması məqsədilə bu il Türkiyədən turizm sahəsində 30 illik təcrübəsi olan mütəxəssis mərkəzə işə dəvət edilib. Türkiyəli mütəxəssis bilik və bacarığını mərkəzin əməkdaşları ilə paylaşacaq.
   Konfransdan sonra infotur iştirakçılarına böyük ziyafət verildi. Ziyafətdə turizm şirkətlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinə infoturda iştirak etdiklərinə görə «Skal İnternational»ın Bakı təşkilatının və «Palma» istirahət mərkəzinin sertifikatları və xatirə hədiyyələri təqdim olundu.
   
   Və sonda...
   
   «Palma» istirahət mərkəzində gördüklərimiz və müşahidələrimiz əsasında deyə bilərik ki, Azərbaycanda turizm sahəsində artıq kəmiyyətdən keyfiyyətə keçid dövrü başlayıb. Çünki jurnalist olaraq zaman-zaman turizm sahəsi mütəxəssislərinin dilindən eşitdiyimiz tənqidi məqamlarla bu istirahət mərkəzində qarşılaşmadıq. Bu fikrimizi infotur zamanı həmsöhbət olduğumuz turizm təmsilçiləri də təsdiqlədilər. Əminliklə söyləmək olar ki, Azərbaycan yaxın illərdə regionda turizm sahəsində öz sözünü deyən ölkəyə çevriləcək.
   
   F.Abdullayeva