26-29 may tarixində Bakıda “Teknofest Azərbaycan” tədbirinin keçirilməsi nəzərdə tutulur.

Festivalın təşkilatçıları qismində Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi, “Türkiyə Texnologiya Komandası” (T3 Fondu) çıxış edir.

“Teknofest Azərbaycan” çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” hakatonu (proqramçıların layihə marafonu), “Take Off” Azərbaycan Startap sammiti və “Rocket League” videooyunu üzrə Avropa kiber idman kuboku təşkil olunacaq. Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatlarının nümayişi nəzərdə tutulur.

Festival çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları təşkil olunacaq.