Sankt-Peterburq şəhərində Fikrət Əmirovun yubiley ilinin ilk tamaşası
Bu il dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyi ölkəmizdə və xaricdə təntənə ilə qeyd olunacaq. Dahi musiqiçinin 100 illiyi UNESCO-nun yubileylər proqramına daxil edilib.
Fikrət Əmirovun dünya musiqi xəzinəsinə bəxş etdiyi ən böyük inci “Min bir gecə” baletidir. Müxtəlif ölkələrin səhnələrini fəth edən balet 2020-ci ildə həmvətənimiz, Rusiyanın Əməkdar incəsənət xadimi, Mariinski Teatrının Primorsk filialının (Vladivostok şəhəri) balet truppasının bədii rəhbəri Eldar Əliyevin quruluşunda yenidən səhnələşdirilib və müxtəlif şəhərlərdə, festivallarda nümayiş olunur.
22-23 yanvar tarixlərində Sankt-Peterburq şəhərində, Mariinski Teatrının yeni səhnəsində Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə “Min bir gecə” baleti nümayiş olunacaq. Tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Mariinski Teatrının Primorsk truppasının ifasında təqdim ediləcək.
“Min bir gecə” baleti yeni quruluşda Mariinski Teatrının bədii rəhbəri və baş direktoru, dünya şöhrətli dirijor Valeri Gergiyevin təşəbbüsü ilə səhnələşdirilib. Tanınmış baletmeyster Eldar Əliyevin quruluş verdiyi tamaşa ilk dəfə 2020-ci ilin 14 avqustunda “Mariinski. Vladivostok” V Beynəlxalq Festivalının açılış günü göstərilmiş və əsər festival çərçivəsində ümumilikdə dörd dəfə nümayiş olunmuşdu.
Bundan sonra, 2021-ci ilin yanvarında Rusiyanın əsas balet səhnəsində – Mariinski Teatrının özündə Fikrət Əmirovun sənət incisi dörd gecə alqışlandı. “Min bir gecə” Mariinski Teatrının Primorsk filialının Sankt-Peterburqa qastrol proqramı çərçivəsində 15, 16, 17, 18 yanvar tarixlərində təqdim edildi və şəhərin ən əlamətdar mədəni hadisələrindən birinə çevrildi.
2021-ci ilin mayında Kazan şəhərində keçirilən Rudolf Nureyev adına XXXIV Beynəlxalq Balet Festivalı da Eldar Əliyevin quruluşunda “Min bir gecə” baleti ilə açılmışdı.
Beləliklə, Fikrət Əmirovun yubiley ilinin ilk böyük sənət nümayişi də Sankt-Peterburq şəhərində gerçəkləşəcək. Böyük bəstəkarın ecazkar musiqisi məşhur həmyerlimizin xoreoqrafik quruluşunda yenidən Mariinski Teatrının səhnəsini fəth edəcək. Onu da qeyd edək ki, tamaşanın səhnə tərtibatında rəssam Pyotr Okunev rəngkarlıq dekorasiyalarını videoproyeksiyalarla uzlaşdırıb.