Azərbaycan ədəbiyyatşünaslığına töhfələr vermiş alimlərimizdən biri də filologiya elmləri doktoru, professor Abbas Hacıyev olub. Dəyərli monoqrafiya, dərslik və dərs vəsaitlərinin, ədəbi-tənqidi məqalələrin müəllifi olan görkəmli alim 40 ildən artıq müxtəlif elm-təhsil ocaqlarında çalışıb.
Abbas Məhəmməd oğlu Hacıyev 1 yanvar 1933-cü ildə Gürcüstanın Marneuli rayonunun Sarvan kəndində dünyaya göz açıb. 1 saylı kənd orta məktəbini bitirib 1948-ci ildə Borçalı Türk Pedaqoji Texnikumuna qəbul olunur. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil alır. Universiteti fərqlənmə diplomu ilə başa vuran Abbas Hacıyev təyinatla bir müddət Marneuli rayonunda pedaqoji fəaliyyət göstərir. Həmin dövrdən o, eyni zamanda ictimai sahədə də çalışır. 1959-cu ildə Marneuli Rayon Komsomol Komitəsinin birinci katibi təyin edilir. Borçalıda yaşayan Azərbaycan türklərinin hüquqlarının qorunması, onların mədəniyyəti və təhsilinin inkişafı üçün fədakarlıq göstərir.
Abbas Hacıyev 1961-ci ildə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutu Ədəbi əlaqələr şöbəsində aspiranturaya qəbul olunur. 1964-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirir. Görkəmli alim, yazıçı və pedaqoq, professor Mir Cəlal Paşayevin elmi rəhbərliyi ilə 1965-ci ildə “Tiflis ədəbi mühiti (1905-1917-ci illər)” mövzusunda namizədlik (fəlsəfə doktoru) isə 1970-ci ildə “Mirzə İbrahimovun yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyaları müdafiə edir.
1964-cü ildə Azərbaycan Dövlət Dillər İnstitutunda elmi-pedaqoji fəaliyyətə başlayan Abbas Hacıyev sıravi müəllimlikdən professorluğa kimi yol keçir, kafedra müdiri olur. 1979-cu ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinə dəyişilir, burada Azərbaycan ədəbiyyatı kafedrasına rəhbərlik edir. Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyatşünaslığın əsasları, ədəbi tənqid və digər fənlərdən dərs deyir. Bir çox dissertasiya işlərinin elmi rəhbəri, məsləhətçisi, opponenti və rəyçisi olur.
Alim Azərbaycan bədii nəsrinin, dramaturgiya və milli teatr tarixini dərindən araşdıran tədqiqatçılardandır. Onun “Tiflis ədəbi mühiti”, “Tiflis Azərbaycan Teatrı”, “Tiflis Azərbaycan və Adıgün türk teatrı”, “Mirzə İbrahimov”, “Yazıçı şəxsiyyəti və bədii qanunauyğunluq”, “Ədəbiyyat nəzəriyyəsi”, “Ədəbiyyatşünaslığın əsasları”, “Sənətkarın yaradıcılıq fərdiliyi”, “Bədii əsərin strukturu”, “Ədəbi növlər və janrlar”, “Ədəbi meyillər və cərəyanlar” adlı monoqrafiya və dərslikləri elmi-ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.
Abbas Hacıyev 1960-cı illərdən dövri mətbuatda çağdaş ədəbi prosesə dair dəyərli məqalələrlə çıxış edib. O, Tiflis Azərbaycan ədəbi, ictimai-mədəni həyatına, Borçalı və Ahıskada fəaliyyət göstərmiş teatr, mətbuat tarixinə, mədəniyyət və sənət xadimlərinin həyatına, eləcə də Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin qaranlıq səhifələrinə arxiv materialları əsasında işıq tutub. Onun tədqiqatları gələcək araşdırmalar üçün uğurlu nəticələr verə bilən yeni istiqamətlərin müəyyənləşməsində rol oynayıb.
Ədəbiyyatşünas alim ali məktəblərin filologiya fakültələri üçün bir çox proqram və dərsliklərin, o cümlədən ali təhsil müəssisələrində tədris məqsədilə ilk sanballı “Ədəbiyyat nəzəriyyəsi” dərsliyinin müəllifidir. Abbas Hacıyev eyni zamanda Bakı Dövlət Universitetinin elmlər doktorluğu və elmlər namizədliyi üzrə alimlik dərəcəsi verən ixtisaslaşmış elmi şuraları, habelə Nizami adına Ədəbiyyat İnstitutu, Təhsil Problemləri İnstitutu nəzdində müdafiə şuralarının, Təhsil Nazirliyi Elmi-metodik şurasının və digər qurumların üzvü olub. Alimin əsərləri haqqında Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin mətbuatında həmkarlarının rəyləri dərc edilib.
Alim Gürcüstan SSR Ali Sovetinin fəxri fərmanı (1961), Azərbaycan Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə (2006) təltif olunub. Professor Abbas Hacıyev 21 yanvar 2011-ci ildə, 78 yaşında vəfat edib.
Savalan Fərəcov