Daş Salnamə Muzeyində sərgi davam edir

 

YARAT Müasir İncəsənət Məkanının 10 illiyi münasibətilə Daş Salnamə Muzeyində açılan “Ön söz – On söz” xronikal qrup sərgisi davam edir.

Sərgi YARAT-ın ilk layihəsinə (“Ön söz”) istinadla bu dövr ərzində keçdiyi yolu və yeni nəsil müasir rəssamların yetişdirilməsi və formalaşdırılmasında oynadığı müstəsna rolunu vurğulayır.

Yaddaş və tarix anlayışları ətrafında toplanmış ekspozisiya keçmişin indiki anımıza qədər sirayət etməsinin etirafıdır. Keçmişin maddi reallığı ilə qarşılaşan indiki reallıq bir sürətə bağlıdır. Sərgi yaşadığımız sürətin bizi əhatə edən keçmişin simvolları və xatirələri ilə necə uzlaşdığını nəql edir, ənənə və cəmiyyət, dəyərlər sistemi, ziddiyyətli həqiqətlər mövzularına toxunur. İnsan varlığı və mövcudluğunun fərqli aspektləri araşdırılaraq onların formalaşmasında keçmişin əhəmiyyətini və rolunu ön plana çəkir.

YARAT kolleksiyasının ən mühüm əsərlərindən ibarət ekspozisiyada Afruz Amighi, Faiq Əhməd, Rəşad Ələkbərov, Çinarə Məcidova və Elturan Məmmədovun instalyasiya, heykəl, video və fotoəsərləri yer alıb.

Yanvarın 31-dək davam edəcək sərgi ilə həftənin 6 günü (çərşənbə axşamı – bazar günü) tanış olmaq mümkündür. Sərginin kuratoru Fərəh Ələkbərlidir.