AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Şuşa İli”ndə görəcəyi işlər, nəzərdə tutulan layihə və tədbirlər institutun Elmi şurasının yanvarın 12-də keçirilən yığıncağında müzakirə edilib. 

İclası giriş sözü ilə açan institutun baş direktoru, akademik Teymur Kərimli bildirib ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi Azərbaycan Respublikası Prezidentinin mədəniyyət siyasətinin uğurlu davamıdır.

Qeyd edib ki, Əlyazmalar İnstitutunda sərəncamdan irəli gələn elmi tədqiqat və nəşriyyat işlərinin, elmi-kütləvi və mədəni tədbirlərin planı hazırlanıb. Plana əsasən, bu il “Qarabağ şairləri antologiyası”nın I cildinin, “F.Köçərli arxivinin təsviri”nin, “Üzeyir Hacıbəylinin publisistikasında dövrün ictimai-siyasi məsələləri (1905-1920)” monoqrafiyasının, “Şuşanamə” poetik əsərlər toplusunun, Məhəmməd ağa Müctəhidzadənin Qarabağ şairləri haqqında “Riyazül-aşiqin” təzkirəsi və Qarabağın tarixi ilə bağlı “Səfərnamə”sinin nəşrinin, “Qarabağın ədəbi-mədəni mühiti əlyazmalarda” mövzusunda elektron və səyyar sərginin, eləcə də institut əməkdaşlarının mövzu ilə əlaqədar nəşrlərindən ibarət ənənəvi kitab sərgisinin təşkili nəzərdə tutulur.