Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi “Öyrədərək öyrənirəm” adlı layihəyə start verib. Layihə çərçivəsində Azərbaycan Dövlət Pantomim Teatrında Xalq artisti, Prezident təqaüdçüsü Bəxtiyar Xanızadənin ustad dərsləri başlayıb. 11 yanvarda ilk təlim gənc aktyorlar üçün təşkil edilmişdi.

Yanvarın 13-də keçirilən “Şekspirin Hamleti. Hamlet kimdir?” adlı növbəti ustad dərsində rejissorlar iştirak ediblər.

Ustad dərsi ilə bağlı təəssüratını bölüşən Bəxtiyar Xanızadə bildirdi ki, əvvəldən də qeyd etdiyimiz kimi, rejissorlar arasında yaş fərqi qoyulmadan bu sahədə çalışan hər kəs bu görüşə qatıla bildi: “Mövzuya gəlincə, elə başlanğıcdan auditoriyaya müraciət edərək bildirdim ki, mənim sizə dərs keçmək fikrim yoxdur. İncəsənət aləmində kifayət qədər yaşadıqlarımı və təcrübəmi  sizinlə bölüşmək istəyirəm. Kimin xoşuna gələr, götürər, mənim etdiyim səhvləri etməz, kimin də xoşuna gəlməz, yenə də öz işi. Düzü, mən 1979-cu ildən “Hamlet” üzərində düşünürəm. Mütəmadi olaraq bir neçə dəfə nümayiş etdirmişik bu əsəri. Mən hər zaman bu düşüncə ilə yaşadım ki, görəsən, mən Şekspiri necə anladım, öz daxili təcrübəmdən necə keçirə bildim, quruluşda ortaya atdığım səbəbləri izah edə bildimmi və s. Fikirlərimi bölüşməyim rejissorlar tərəfindən maraqla qarşılandı. Bir də baxdım ki, mənim özümə danışmağa imkan vermirlər və artıq birbaşa mənimlə dialoqa keçiblər. Ustad dərsi maraqlı fikir mübadiləsi ilə davam etdi...”.

Qeyd edək ki, yanvarın 14-də “Teatr və mən – mən və teatr” mövzulu üçüncü ustad dərsi teatrşünaslar üçün nəzərdə tutulur.

Lalə