Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un layihəsi üzrə 2022-ci ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilən Bursa şəhərinin  Serbiyada təqdimat mərasimi keçirilib.

Serbiyanın paytaxtı Belqradda təşkil olunan tədbirdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Demircan, Bursa millət vəkili və Türkiyə-Serbiya Parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Esgin, Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş, Serbiyanın mədəniyyət və informasiya nazirinin müavini Stanko Blaqojeviç və Belqrad meri Zoran Radojiçiç və başqa rəsmilər iştirak ediblər.

Təqdimat zamanı Bursanın ənənəvi xörəkləri, el sənətkarlığı nümunələri (çini işləri, ənənəvi üsulla hazırlanan məhrəbalar) və “Hacivat-Karagöz” kukla şousu böyük marağa səbəb olub.

Zoran Radojiçiç çıxışında “Türkiyənin Belqrad səfiri Hami Aksoy bu tədbirə hazırlıqları açıqlayanda Bursanın necə bir şəhər olduğunu bilmirdim. Bu gün buradakı videolardan, fotoşəkillərdən və təqdimatlardan anladım ki, Bursa dünyanın ən gözəl şəhərlərindən biridir” deyib. O, 2022-ci il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilən Bursanın ən yaxşı şəkildə təbliğ ediləcəyinə əmin olduğunu vurğulayıb.

Düsen Kaseinov bildirib ki, TÜRKSOY ortaq mədəniyyətimizi, tariximizi, incəsənətimizi, adət-ənənələrimizi tədqiq və inkişaf etdirərək gələcək nəsillərə ötürməklə bərabər, dost ölkələr və xalqlarla qarşılıqlı əlaqələrə də önəm verir: “Türk dünyasının mədəniyyət paytaxtları ilə Avropanın mədəniyyət paytaxtları arasında qarşılıqlı əlaqəni artırmaq üçün son beş ildə mühüm səylər göstərmişik. Ötən illərdə göstərdiyimiz səylər bu il öz müsbət nəticəsini verdi”.

Baş katib bu xüsusda 2020-ci ilin “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Xivə (Özbəkistan) ilə “Avropanın Mədəniyyət Paytaxtı” Rijeka (Xorvatiya) arasında imzalanan əməkdaşlıq müqaviləsini mühüm uğur kimi qeyd edib: “Arzumuz bu il Avropanın Mədəniyyət Paytaxtı adını daşıyacaq Serbiyanın Novi Sad şəhəri ilə Türkiyənin Bursa şəhəri arasında əlaqələri inkişaf etdirmək və qardaşlıq protokolunu imzalamaqdır...”.

Mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Demircan çıxışına XX əsrin tanınmış türk yazıçısı Əhməd Həmdi Tanpınarın sətirləri ilə başlayıb: “Sanki bir möcüzənin başlanğıcındayam. Su səsi və qanad çırpıntılarından bir kristal çilçıraq – Bursada zaman. Bursanın İstanbuldan sonra Türkiyə, Anadolu və Türküstan mədəniyyətini özündə əks etdirən ilk şəhərlərdən biri olduğunu bildirən nazir müavini qeyd edib ki, Bursa keçmişdə İpək Yolu və ticarət yollarının mərkəzində idi. Bu səbəbdən sənayesi və ticarəti də bir çox fərqli mədəniyyətlərə açıq olduğu üçün güclüdür. Bir sözlə, Bursa dünyanın mədəniyyət paytaxtı olmağa layiq şəhərdir...”.

Mehparə Sultanova
Ankara