Yanvarın 13-də Sumqayıtdakı “İdrak” liseyində yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Elçin Hüseynbəyli ilə görüş keçirilib.

Görüşü liseyin direktoru Hidayət Allahverdi açıb. O, Elçin Hüseynbəylinin təhsil ocağına gəlişini, müəllim və şagirdlərlə görüşünü əlamətdar gün hesab edib və bildirib ki, qələm adamları ilə hər təmas onların yaddaşında dərin iz qoyur.

Liseyin təsisçisi Mönsüm Alışov öz çıxışında deyib ki, yazıçının bu gün burada söylədikləri şagirdlərin yaddaşında qalacaq və həyat yollarının müəyyənləşməsinə müsbət təsir edəcək.

Görüş şagirdlərlə dialoq üzərində qurulub. Elçin Hüseynbəyli onların çoxsaylı suallarını cavablandırıb.

Şagirdlər yazıçının 7-si sinif “Ədəbiyyat” dərsliyində tədris olunan “Nəvə” hekayəsi əsasında səhnəcik nümayiş etdiriblər.

Tədbirin sonunda yazıçı öz kitablarını liseyin kitabxanasına hədiyyə edib və xatirə şəkli çəkdirib.

Əli Kərim adına Sumqayıt Poeziya klubunun rəhbəri, şair İbrahim İlyaslı və AYB Qubadlı regional bölməsinin rəhbəri, şair Namiq Məna da görüşdə iştirak ediblər.