Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb.

28 il düşmən işğalında qalan və 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun misilsiz qəhrəmanlığı sayəsində azad olunan qala-şəhərimizdə böyük bərpa və quruculuq işləri həyata keçirilir. Bu il eyni zamanda 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşanın 270 illiyini qeyd edirik. Prezident İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan olunub.

Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən “Şuşa” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Şuşa haqqında rəsmi sənədlər, Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, şəhərin tarixi, mədəniyyəti, coğrafiyası haqqında kitablar, eləcə də dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa/index.htm linkindən istifadə edə bilərlər.