“Filming Azerbaijan”
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ötən ilin 1 oktyabrında işə başlayan dünya sərgisində – “Dubai Expo”da ölkəmiz də uğurla təmsil olunur. Sərgi kompleksindəki Azərbaycan pavilyonunda müxtəlif təqdimatlar, konsert proqramları təşkil edilir.
Yanvarın 11-də “Dubai Expo” sərgi məkanının “Terra Auditorium” zalında Azərbaycan Film Komissiyasının (“Filming Azerbaijan”) təqdimatı keçirilib. Mərasimdə müxtəlif ölkələrin film sektorunun nümayəndələri iştirak ediblər.
Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov çıxış edərək “Filming Azerbaijan” təşəbbüsünün Azərbaycanın “film turizmi” potensialını üzə çıxaracağını, ölkəmizə bu istiqamətdə sərmayəni artıracağını və iqtisadi baxımdan əlverişli imkanlar yaradacağını qeyd edib. Diqqətə çatdırıb ki, yarandığı bir il ərzində Film Komissiyası ABŞ, Türkiyə, Hindistan, Livan və digər ölkələrin kinematoqrafçıları ilə Azərbaycan ərazisində film çəkilişini təşkil edib. 2021-ci ildə “Netflix” platforması ilə əməkdaşlıq nəticəsində ABŞ istehsalı olan böyük büdcəli filmin çəkilişlərinin bir hissəsi Bakıda aparılıb.
Qeyd edək ki, dünyanın əksər ölkələrində Film Komissiyası aktiv şəkildə fəaliyyət göstərir. Azərbaycan Film Komissiyası 2021-ci ilin yanvarında Mədəniyyət Nazirliyi tərəfindən ölkə ərazisində film çəkilişlərinə dəstək və təşviq məqsədilə yaradılıb. Milli kinematoqrafiyanın inkişaf etdirilməsi və dünya kinosuna inteqrasiyası baxımından çox vacib olan bu addım kino sənayesində mühüm dəyişikliklərə səbəb olacaq.
“Dubai Expo”da keçirilən təqdimat da ilk nəticəsini verib. Monteneqronun və BƏƏ-nin bir neçə aparıcı film şirkətləri ilə ortaq layihələr müzakirə olunub.
“Dubai Expo”da 190 ölkə təmsil olunur. Sərgi 2022-ci il martın 31-nə qədər davam edəcək.