O da belə şair oldu... Yaşı dağdan aşanda, Vətənindən ayrılanda...
   
   A dağ, mənə qar göndər.
   Demə yoxdu, var, göndər,
   Ya gəl sinəmi soyut,
   Ya üstümə sar göndər.
   

   Heç bilməzdi, ömrünün ahıl çağında könlünə, gözlərinə köçmüş doğma torpağından, elindən, obasından ayrı düşəcək, heç ağlına gətirməzdi ki, günlərin birində dərd əlindən sözə sığınacaq. Özünə şair, qələm adamı deməsə də, cəbrayıllı Mükafat Əliyev demək istədiklərini, düşündüklərini yazdı. Yazdı ki, uzanan ayrılığın yolu qısalsın, bir ovuc torpaq, bir ovuc su üçün burnunun ucu, ürəyinin başı göynəyən minlərin, yüz minlərin, bir milyonun yanan ürəyinə sözlə su çiləsin.
   Nəsil-nəsil insanların müəllimi olan Mükafat müəllim belə şair oldu. Və günlərin birində “Ömür də bir yoldur” adlı ilk kitabı dərddən cücərdi. Dərdini, yazdıqlarını, kitabını hamıdan gizlətməyə çalışdı, ömrünün bu çağında kimlərinsə onu qınayacağından çəkindi. Amma qismətdən, qədərdən qaçmaq mümkün olmadığı kimi, dərdi də gizlətmək olmur:
   
   Ay görünmür, gün saralıb,
   Yetimin başın qar alıb,
   Ömrü, deyəsən, daralıb,
   Nə vaxtadək qaçqın olaq?!
   
   Onun şeirlərinin hər misrasında Vətənə, torpağa, elə-obaya olan sonsuz sevgisi gizlənib. Nisgilin, kədərin içində ümid zoğu, ümid işığı axtarır, bu ümid Vətənə yol alır. Dünyanın bütün yolları bitə bilər, amma Qarabağa, Şuşaya, Laçına, Kəlbəcərə, Ağdama, Füzuliyə, Qubadlıya, Zəngilana gedən yollar bitə bilməz. Bu yollar günlərin birində o yerlərin hər qarışından, hər obasından, hər kəndindən, hər kəsəyindən keçməlidi, bu yollar günlərin birində Cəbrayılda, Quycaqda nəfəs almalıdır, bu yollar bizi muradımıza çatdırmalıdır. Özümüzdən keçsək belə! Mükafat müəllimin şeirlərinin qayəsi belədir.   

   Saçlarından, gülüm, mənə pay göndər,
   Dərmanımdı, bir neçəsin say, göndər,
   Üşüyürəm, qışı qovla, yay göndər,
   Dönük çıxsam, yollarıma vay göndər.
   

   Qürbətlə qürbətsizlik arasındakı yollarda fikir çəkən el adamının, qələm adamının ikinci kitabı “Günbatana baxan qəbir” adlanır. Bu kitabın da ana xətti Vətən, yurd itkisi, yaşanan ağrı-acılardı.
   
   Nə dedim, üz döndərdin,
   Yoluma buz göndərdin,
   Soldu çəmən-çiçəyim,
   Ocağımı söndürdün?
   
   Nə yazıq ki, illər keçdi, ayrılıqlar bitmədi, Mükafat Əliyev üçüncü kitabını “Arazım, mənim Arazım” adlandırdı. O Araz ki, ayrılığın özüdür. Odur ki, gözləməkdən yorulub dərdini Araza dedi. Sevə-sevə, yana-yana.
   Sadəcə ömrünün kövrək çağlarını, payızını yaşayan bir söz adamını sizlərə tanıtmaq və bir də, onun Vətənə dönəcəyi ümidinə inanmaq istədik. “Dərd adamı şair edir” ifadəsi ilə isə bu yerdə razılaşmaya bilmirəm. Bir milyon şairimiz var, kimi yaşadıqlarını deyə bilir, kimi ürəyində dəfn edir. Ancaq sözümüzü nə yolla olur olsun deməliyik. Bu baxımdan bu kitablar da bir tarixdir... Taleyimizin tarixi...
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar