Əzizə Cəfərzadənin yaradıcılığı Özbəkistanda tanıdılır

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Xalq yazıçısı, ədəbiyyatşünas alim,  professor Əzizə Cəfərzadənin yaradıcılığının təbliği məqsədilə “Aləmdə səsim var mənim” adlı layihəyə start verilib.

Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində baş vermiş hadisələri, görkəmli şəxsiyyətlərin həyatını öz əsərlərində işıqlandıran yazıçının 100 illik yubileyi münasibətilə tədbirlər keçiriləcək.

Layihə əsasında Əzizə Cəfərzadə yaradıcılığına dair Özbəkistanda tədqiqat materiallarının hazırlanması, Özbəkistanın sayt, qəzet və jurnallarında məqalələrin dərc edilməsi, “Wikipedia” ensiklopediyasında özbək dilində Əzizə Cəfərzadə haqqında  bölmənin yaradılması nəzərdə tutulub. Bundan başqa, AMM-in sifarişi ilə tarixi əsərlər müəllifi Əzizə Cəfərzadənin “Bakı–1501” romanının özbək dilinə tərcümə layihəsi həyata keçirilir. Əsəri özbək dilinə tərcüməçi-alim Rüstəm Cabbarov çevirir.

Daşkənddə Əzizə Cəfərzadənin yaradıcılığına dair Azərbaycan-Özbəkistan birgə beynəlxalq konfransının keçirilməsi də nəzərdə tutulur.