Cəfər Cəfərov: «Mədəniyyətlərarası dialoqda ali təhsil açar rolunu oynaya bilər»
   
   Azərbaycan Turizm İnstitutu təkcə təhsil sahəsində deyil, elmi-mədəni və humanitar sahələrdə də beynəlxalq əlaqələrini genişləndirməyə çalışır. Bu barədə məlumat verən ATİ-nin rektoru, professor Cəfər Cəfərov təkcə may ayında bir neçə ölkədə beynəlxalq tədbirdə iştirak etdiyini deyir. Rektor ötən ay Həştərxanda “Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” forumunda və Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyət Günlərində, Türkiyənin Ərzurum Atatürk Universitetində “İkinci Avrasiya İpəkyolu Qurultayı”nda iştirak edib. Sonuncu tədbir barədə məlumat verən rektor bildirdi ki, qurultaya dünyanın 24 ölkəsindən 94 nüfuzlu universitetin rektoru, ümumilikdə 150 universiteti əhatə edən qurumun rəhbərləri dəvətli idilər: “Dörd gün davam edən qurultayda həmkarlarımızla müxtəlif mövzular, yeni ideyalar ətrafında fikir mübadiləsi apardıq. Bu bir faktdır ki, bu gün dünya inkişafın yeni mərhələsinə məhz kommunikasiya və müasir texnologiyalar sayəsində qədəm qoyub. Mədəniyyətlərarası dialoqda, mədəni dəyərlərin, ideyaların bir cəmiyyətdən digərinə ötürülməsində ali təhsil açar rolunu oynaya bilər. Onu da deyim ki, Ərzurum Atatürk Universitetində “Ali təhsildə əlaqələrin qorunması: Avrasiya modelinin axtarışı və ESRUC konsorsiumunun inkişafı”na həsr olunmuş növbəti tədbirdə də iştirak edəcəyik”.
   Rektor səfər çərçivəsində Türkiyənin bir sıra tanınmış universitetlərinin rektor və prorektorları ilə görüşlər keçirdiyini qeyd etdi.

   Fəxriyyə Abdullayeva