Məşhur türkiyəli aktrisa Fatma Girik yanvarın 24-də, 79 yaşında dünyasını dəyişib. Aktrisa bir müddət əvvəl xəstəxanaya yerləşdirilmiş, beyin əməliyyatı olunmuşdu. Onun COVİD-19-la bağlı yaranan ağırlaşmadan vəfat etdiyi bildirilib.
Fatma Girik 12 dekabr 1942-ci ildə İstanbulda anadan olub. İlk dəfə 1957-ci ildə “Ləkə” filmində baş rolda çəkilib. Ümumilikdə 200-dək filmdə rol alıb.
Türkiyənin 60-cı illərdən başlayaraq “Yaşılcam” kinosunun (İstanbulda Yeşilçam küçəsi – 80-ci illərədək türk film şirkətlərin ofislərinin yerləşdiyi məkan) ən ünlü simalarından biri olan aktrisa həyatının son dövründə Muğla vilayətinin Bodrum şəhərindəki evində yaşayırdı. O, vəsiyyətinə uyğun olaraq Bodrumda, 2015-ci ildə dünyasını dəyişmiş həyat yoldaşının yanında dəfn olunub.
***
Yanvarın 24-də Türkiyənin daha bir tanınmış aktyoru Ayberk Pekcan da vəfat edib. Aktyor uzun sürən xəstəlikdən (ağciyər xərçəngi) sonra, ömrünün 52-ci ilində dünyasını dəyişib.
Ayberk Pekcan 1970-ci ildə Mersində anadan olub. “İhlamurlar altında”, “Yaprak dökümü”, “Kurtlar vadisi” və “Keşanlı Ali destanı”, “Diriliş Ertuğrul” kimi seriallarda oynayıb. 2012-ci ildə “Aşk ve devrim” filmindəki roluna görə 23-cü Ankara Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.